“Otuz il işğal siyasəti yürüdən Ermənistanın Fransa tərəfindən silahlandırılması birmənalı olaraq sülh təşəbbüslərinin aradan qaldırılması istiqamətində atılan addımdır”.
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, Fransanın təxribatçı addımlardan çəkinməsinin vacibliyini vurğulayıb:
“Fransa Qafqazda münaqişə ocağının yaradılmasından çəkinməlidir. Onun atdığı addımlar 44 günlük müharibədə məğlub olaraq kapitulyasiya aktı imzalayan Ermənistanı yenidən revanşa yönləndirmək, onu Azərbaycana qarşı silahlandırmaq və bununla da yeni məğlub və fərari ordusu olan Ermənistan üçün kifayət qədər ciddi və sarsıdıcı nəticələr vəd edir”.
Hərbi ekspertin sözlərinə görə bu silahlar Azərbaycan üçün təhlükə yaradarsa, sıradan çıxarılacaq:
“Fransan Ermənistana artıq müdafiə deyil, hücum xarakterli “Caesar” özüyeriyən artilleriya qurğuları ixrac edir. Əgər hımin silahlar Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid edəcək məsafəyə qədər yaxınlaşarsa, harada yerləşməsindən asılı olmayaraq Azərbaycan Ordusu onları zərərsizləşdirmək hüququnu özündə saxlayır”.
Ə.Verdiyev bu cavab tədbirlərinin həmişə olduğu kimi Ermənistan üçün sarsıdıcı itkilərlə yadda qalacağını deyib:
“44 günlük Vətən müharibəsi, ondan sonrakı əməliyyatlar və antiterror tədbirlərindən özü üçün doğru-dürüst nəticələr çıxarmayan və dörd Azərbaycan kəndini hələ də işğal altında saxlayan Ermənistan baş verən proseslərdə kifayət qədər böyük canlı qüvvə, vasitə, avadanlıq, silah və texnika itkisi ilə qarşılaşacaq”.
Qeyd edək ki, mediada Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat yayılıb.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən, Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi rəsmi Parisin Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutu kimi qiymətləndirilir.
Vasif Əlihüseyn
Mənbə: www.bakupost.az