Bərdə və Qazax təmsilçiləri Xızının çempionluğuna mane ola bilmədi

Bərdə və Qazax təmsilçiləri Xızının çempionluğuna mane ola bilmədi

Böyük maraqla qarşılanan PUBG Mobile virtual döyüş növü üzrə Azərbaycan Birinciliyi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, sentyabr ayının 19-u keçirilən ilk final oyununda mübarizə həyəcanlı şəkildə davam edib. 4 xəritədə 32 komanda arasında mübarizədə Qazax təmsilçisi “Clay Duo” 53 xal və 21 “məhv edilən”lə birinciliyi əldə edib.

İkinci pillə Xızı təmsilçisi “PMCO boys”un olub. Cütlük oyun ərzində günün qalibi kimi 53 xal toplasa da 18 “məhv edilən”lə ikinci pillədə məskunlaşıb. Oyunun ən çox “məhv edilən” nəticəsini“Atlantes Cycle -team” cütlüyündən “cycSHERİFF” ləqəbli İsmayıl Süleymanov göstərib. O, 8 “məhv edilən”lə yadda qalıb. Sentyabrın ayının 21-i isə FİNAL oyunu oynanılıb.

Son oyunun nəticələrinə görə turnirin qalibi “PMCO boys” olub. Xızı təmsilçiləri 97 xal 30 “məhv edilən”lə oyunu birinciliklə bitirib. Digər qaliblərin sıralaması isə belədir: Bərdə təmsilçisi “DIFAI BLUE” 88 xal 19 “məhv edilən”, Qazax təmsilçisi “Clay Duo” 75 xal 29 “məhv edilən”, Bakı təmsilçisi “BEST OF” 72 xal 22 “məhv edilən”, Ağdam təmsilçisi “EXPECTED” isə 63 xal 17 “məhv edilən”lə müvafiq olaraq ilk 5-likdə yerlərini alıblar. Turnirin qalibləri “MyShops.az”ın təqdim etdiyi telefonlarla mükafatlandırılıb. 1- ci yerin sahibləri 2x Mi 10 8/128 GB, 2-ci yer 2x Mi note 10 Lite 128 GB, 3-cü yer 2x Realme 6 8 GB128 GB, 4-cü yer 2x Redmi Note 9 Pro 64 GB və 5-ci yer 2x Redmi Note 9 4/128 GB telefonlarına sahib olub.

Xatırladaq ki, PUBG Mobile virtual döyüş növü üzrə Azərbaycan Birinciliyi 512 komandadan ümumilikdə 1024 iştirakçının mübarizəsi ilə baş tutub. Komandalar 16 qrupa bölünüb və bu komandalar öz qruplarında 3 müxtəlif xəritədə güclərini sınayıblar. Gaming League Azerbaijan (GLA) –nın təşkilatçılığı ilə keçirilən turnirin tərəfdaşlarıAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Kiber İdman Federasiyası və “MyShops.az” onlayn alış-veriş saytıdır. 2019-cu ilə qədər olan statistikalara görə 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsi bu gün də öz populyarlığı artırmağa davam edir. Kiber idman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib.

Azərbaycanda isə 2019-cu ildə yaranmış, kiber idman turnirləri həyata keçirən Gaming League Azerbaijan (GLA) bugünədək 10-dan (14) çox kiber idman çempionatı həyata keçirmişdir. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf edilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.

Mənbə: qafqazinfo.az