“Qarabağ” “Legiya”nı keçsə...

“Qarabağ” “Legiya”nı keçsə...

Azərbaycan çempionu "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbət bəlli olub.

Fanat.Az xəbər verir ki, pley-offda Polşa təmsilçisi "Legiya” ilə qarşılaşacaq Ağdam klubu mərhələ adlasa, püşkdə ən azı 3-cü səbətdə yer alacaq.

Reytinqi 21,000-a bərabər olan Qurban Qurbanovun yetirmələri hətta daha yüksək səbətə də düşə bilər. Əgər pley-offda ciddi sensasiya baş verməsə, "Qarabağ” qrup mərhələsinə qatılacaq 48 komanda arasında 28-ci göstəriciyə malik olacaq.

Bu, ağdamlıların 3-cü səbətin 4-cü komandası olması deməkdir. Baş verəcək sensasiyalar, yəni cütlərin favoritlərinin büdrəməsi "Qarabağ”ın lehinədir.

Daha yüksək reytinqə malik komandalardan dördü büdrəsə, Azərbaycan çempionu 2-ci səbətə qalxacaq. Bu, ən azı iki münasib rəqiblə qarşılaşmaq imkanı verəcək.

Özü səfərdə "Legiya”nı keçməli olan "Qarabağ” üçün aşağıdakı klubların büdrəməsi sərfəlidir: "Srvena Zvezda”, "Yanq Boyz”, "Seltik”, "Lüdoqorets”, "Dinamo” Zaqreb, "Tottenhem”, "Bazel”, "Sportinq”, "Kopenhagen”, PSV, "Volfsburq”, "Viktoriya”, APOEL, "Qalatasaray” və "Malmo”.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları oktyabrın 1-də, qrup mərhələsinin püşkatması ertəsi gün baş tutacaq. (Apasport.az)

 

Fanat.Az

Mənbə: fanat.az