Son 10 il üçün düşərli ölkə - VİDEO

Son 10 il üçün düşərli ölkə - VİDEO

Azərbaycan çempionu “Qarabağ” futbol üzrə Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə görüşəcək. Bu, iki ölkə təmsilçilərinin avrokuboklarda 13-cü dueli olacaq. Əvvəlki 12 qarşıdurma çərçivəsində 24 oyun keçirilib.

Polşa klubları bu görüşlərdə aşkar üstünlüyə malikdir. Komandalarımız cəmi 5 qələbə qazanıb, eyni sayda heç-heçə ediblərsə, 14 dəfə uduzublar.

Top fərqində də polşalılar öndədir – 54:20. Avrokuboklardakı ən ağır üç məğlubiyyətimizdən ikisi Polşa klubları ilə görüşlərə təsadüf edib. “Xəzri” “Qutnik”ə 0:9 hesabı ilə uduzubsa, “Neftçi” “Vidzev”dən 8 cavabsız top buraxıb.

12 dueldən 9-da mübarizəni dayandıran klublarımız yalnız üç dəfə mərhələ adlayıb. Bu üç uğurdan ikisi “Qarabağ”ın payına düşür. Ağdamlılar Polşa komandaları ilə 4 oyunun heç birində uduzmayıblar. Köhlən atlar “Visla” və “Pyast”la duellərdən üzüağ çıxıblar.

Təmsilçilərimiz polşalılara qarşı keçirdikləri son 8 oyunun yalnız 1-də uduzublar. 2012-ci ildə Xəzər Lənkəran Polşada Lexə minimal hesabla məğlub olub.

Digər 7 matçın 4-də qələbə qazanan komandalarımız 3 dəfə rəqibləri ilə sülh bağlayıblar. Son uğurlu ənənənin də Qarabağın işinə yarayacağını düşündüyünü deyən Şahin Diniyev, ölkə çempionumuzun psixoloji cəhətdən oyuna hazır olacağına inanır.

Qeyd edək ki, oyun oktyabrın 1-də Bakı vaxtı ilə saat 22-də başlayacaq. Varşavadakı görüşü keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcəklər. Matçda əsas söz sahibi Tobias Stieler olacaq.

Mənbə: www.realtv.az