RUSİYANIN VALYUTASI BATIR ... - 1 dollar 80, avro isə 95 rubl ola bilər

RUSİYANIN VALYUTASI BATIR ...  - 1 dollar 80, avro isə 95 rubl ola bilər

Rusiya rublu hər gün dünyanın əsas valyuta rezervləri olan dollar və avro qarşısında ucuzlaşır. Rusiya Mərkəzi Bankının son həftələr ərzində rulbun ucuzlaşmasının qarşısını almaq üçün vəsait xərcləməsinə baxmayaraq, bu ucuzlaşmanın qarşısını almaq mümkün olmur.

Bu həftəsonu rubl dollar və avroya nisbətdə yenə ucuzlamaqda davam edib. Sentyabrın 25-də günün sonunda 1 dollar 78 rubl, 1 avro isə 91 rubl olub. Rusiya milli valyutası indi günlə deyil, saatla ucazlaşır və bu tendensiya davam edir.

İyun ayında dollar 68-69 rubla, avqustda 72-73 rubla satılırdısa, indi 1 dollar üçün 78 rub ödəmək lazım gəlir. Rubl avro ilə məzənnəsində də ciddi “itkilər” verib. İyun ayında 1 avro 77-78 rubl, avqust ayında 85-86, indi isə 91 rubla satılır. Dollarla bağlı bu vəziyyət 2020-ci ilin aprelində də yaşanmışdı. Amma rubl avro qarşısında sonuncu dəfə 2016-cı ilin fevralında bu səviyyədə zəifləmişdi.

Rublun hər iki valyutaya nisbətdə bu cür “əriməsinə” eyni vaxtda bir neçə faktorun təsiri var. Birincisi, dünyada və Rusiyada pandemiyanın ikinci dalğası təhlükəsi böyüməkdədir. Belə bir qlobal risk yarandıqda isə investorlar riskli aktivləri etibarlı valyutaya- dollar və avroya dəyişməyə üstünlük verirlər. İkincisi, bu həftə ərzində “Brent” markalı neftin qiyməti 44 dollar səviyyəsində qala bilməyib və 2 dollar ucuzlaşıb. Neftin qiymətindəki enişlərə isə rubl həmişə həssasdır.

Üçüncüsü, geopolitik vəziyyət-müxalifət lideri Aleksey Navalnın zəhərlənməsi hekayəsi və Belarusdakı hadisələr fonunda Rusiyaya qarşı yeni sanksiyalar gözləntisi birbaşa olmasa da, məzənnəni tətikləyə bilir. Eləcə də “Şimal Axını 2” qaz kəmərinin naməlum taleyi də rubla qarşı işləyir. Mk.ru saytı rublu gözləyən təhlükələrlə bağlı ekspertlərin rəyini alıb.

İnvestisiya strateqi Sergey Suverov hesab edir ki, hazırda rublun məzənnəsinin formalaşmasında demək olar ki, əsas amil siyasətdir: “Rusiya üçün mənfi olan "partlayıcı kokteyl"in ortaya çıxması - Navalnının zəhərlənməsi, Belarusdakı vəziyyət və ABŞ seçkilərində demokratların namizədinin qalib gəlmək şansı bu “kokteyl” sırasındadır. Bu şərtlər 1 dollar üçün məzənnəni 78-79 rubl səviyyəsindən də aşağı sala bilər. Amma vəziyyəti daha da qəlizləşməyə imkan verməyən bir faktoir da var: ABŞ Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti səbəbindən dolların dünyanın valyuta bazarındakı zəifliyi davam edir. Avronun məzənnəsinin də 91 rubl səviyyəsindən yüksələyəcəyi daha çox gözləniləndir. Çünki Almaniya hakimiyyəti “Şimal Axını- 2”nin taleyini Navalnıy işi ilə birləşdirimək yolundadır. Rusiyanın on milyardlarla avro yatırdığı ən əhəmiyyətli iqtisadi layihələrinə qarşı sanksiyalar tətbiqi də gözləniləndir. Amma rus rublunun məzənnəsinin ölkəyə qarşı deyil, ayrı-ayrı məmurlara qarşı tətbiq edilə biləcək fərdi sanksiyalardan da asılı olacaqdır.

Üstəlik, Avropada və ABŞ-da yüksək avtomobil mövsümü başa çatdıqdan sonra neftin qiyməti düşür. Beləliklə, rubl üçün ən pis gözlənti qarşıdadır. Rublun zəifləməsinin idxal mallarının, Rusiya mallarının isə idxalla əlaqəli qiymətlərinin 10-15% artmasına səbəb olacağı aydındır. ABŞ-dakı prezident seçkiləri və bir sıra geosiyasi şərtlər aydınlaşana qədər bu mənfi tendensiyanın yaxşlılığa doğru dəyişməsi üçün ciddi bir səbəb görmürəm.”

“Alfa-Bank”ın baş iqtisadçısı Natalya Orlyova isə deyib ki, qlobal maliyyə bazarlarında əsəbi əhval var: “Bu əsəbilik pandemiyanın ikinci dalğası təhlükəsi və ölkələrin iqtisadiyyatlarına zərbə vura biləcək yeni məhdudlaşdırıcı tədbirlər səbəbindən investorların səhm indekslərinin və ümumiyyətlə qlobal bazarların gələcək dinamikası barədə narahatlığı ilə əlaqəlidir. ABŞ-da prezident seçkiləri ərəfəsindəki qeyri-sabitliyin də bu əsəbiliyə təsiri var. Bu fonda təkcə rubl deyil, inkişaf etməkdə olan ölkələrin digər valyutaları da ciddi təzyiq altındadır. İnvestorlar risk gördükdə bu günə qədər onlar üçün ən etibarlı dollara üstünlük verirlər. Rublun əsas problemi budur ki, avqust ayından etibarən Belarus və Navalnı ətrafındakı geosiyasi vəziyyət yenə ölkəyə sanksiya riskləri yaratdı. Rubl müəyyən mənada əsas dəyər dinamikasından geri qalır. Hazırda beş rubla yaxın zəifləməni sanksiyanın "mükafatı" hesab etsək, yəqin ki, indi dollar 72-73 rubl arası ola bilərdi”.

İqtisadçı-ekspert belə hesab edir ki, rublun məzənnəsi noyabr ayının əvvəlinə qədər 75-80 rubl aralığında qalacaq: “Və sonra hər şey ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olacaq və ilin sonunda rublun möhkəmlənməsini də istisna etmirəm. Ancaq bunun üçün sanksiyalar hədəsinin ortadan qalxması lazımdır.”

“Amarkets” analitik şöbəsinin müdiri Artyom Deev isə deyib ki, rublun məzənnəsini proqnozlaşdırmaq indi olduqca çətindir, çünki daxili valyutaya iqtisadi deyil, siyasi amillər təsir edir: “ABŞ-dakı prezident seçkiləri, tanınmış müxalifətçinin zəhərlənməsinə görə Vaşinqtondan və Avropa Birliyində yeni sanksiyalar anonsu - bütün bunlar siyasət sahəsinə aiddir. Eyni şəkildə, rublun mövqeyini iqtisadi amillər-qlobal tənəzzül, aşağı neft qiymətləri və enerji ehtiyatlarına tələbatın azalması da zəiflədir və zədələyir. Bundan əlavə, investorlar rubl aktivlərindən geri çəkir. Rublla bağlı digər tutqun vəziyyət Mərkəzi Bankın siyasəti ilə bağlıdır. Mərkəzi Bank federal büdcənin 8,5% (9 trilyon rubl) kəsrini doldurmaq üçün daxili bazarda xarici valyuta müdaxilələrini azaldır. Pandemiyanın ikinci dalğasında ən pis vəziyyətə-dolların 80 rubl, avronun isə 95 rublu keçməsinə hazır olmalıyıq”.

Mənbə: azpolitika.info