“Qarabağ“ - “Bayer“ oyunu harada keçiriləcək? - Açıqlama

“Qarabağ“ - “Bayer“ oyunu harada keçiriləcək? - Açıqlama

Ötən gün Peşəkar Futbol Liqası Tofiq Bəhramov adına Respublika Stadionunun təmirə bağlandığını və bununla əlaqədar Misli Premyer Liqasının 8-ci turunun “Qarabağ” - “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılacağını açıqlayıb. 

Bu ilin iyul ayında da Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanmış, arenanın ot örtüyü dəyişdirilmiş və bu səbəbdən Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Bəs, görəsən, Tofiq Bəhramov adına Respublika Stadionu "Qarabağ"ın avrokuboklardakı növbəti ev oyununadək - Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə (Leverkuzen, Almaniya) matça qədər hazır olacaqmı?

Qol.az saytının müxbiri bununla bağlı "Qarabağ" klubuna müraciət edib. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sözügedən matçadək stadiondakı təmir-bərpa işlərinin yekunlaşacağını qeyd edib:

"Avroliqa oyununa qədər stadion hazır olacaq. Elə Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsindəki oyunlarına kimi işlər yekunlaşacaq. Stadionun təmirə bağlanmasının səbəbi də ot örtüyünün yay rejimindən qış rejiminə keçirilməsidir. Buna görədə yeni toxumlar əkilir".

Qeyd edək ki, 4-cü turdakı "Qarabağ" - "Bayer" matçı noyabrın 9-da keçiriləcək və saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi bunadək 2-ci turda "Hekken"lə və 3-cü turda "Bayer"lə səfərdə qarşılaşacaq. 

 

Mənbə: yenisabah.az