Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər

Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər

Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Macarıstanda təşkil olunan “Böyük dəbilqə” turnirindən sonra cədvəldə dəyişikliklər olub.

Azərbaycanın 8 cüdoçusu ilk “20-lik”də yer alıb. Budapeştdə çempion adını qazanan Rüstəm Orucov (73 kq) xal hesabını 6225-ə çatdırıb. Ən yaxşı təmsilçimiz reytinqdə 2-cidir.

Macarıstanda bürünc qazanan Məmmədəli Mehdiyev (90 kq) üç pillə irəliləyərək 5-ci sıraya qalxıb. Onun 4159 xalı var. Yarışa qatılmayan və nəticədə 1 pillə geriləyən İrina Kindzerska da (+78 kq) 5-cidir – 4974 xal. Elmar Qasımov (100 kq) da ilk “onluq”dadır. 2 pillə irəliləyən cüdoçumuz 3822 xalla 10-cu yerdədir.

Çəki dərəcəsini 81 kq-ya dəyişən Hidayət Heydərov (73 kq) 3346 xalla 11-ci, Zelim Kotsoyev (100 kq) 3099 xalla 12-ci, Uşanqi Kokauri (+100 kq) 2518 xalla 17-cidir. Hər üç cüdoçu 1 pillə geriləyib. 2402 xalla 20-ci olan Nicat Şıxəlizadə (66 kq) 4 pillə aşağı yuvarlanıb.

Budapeştdə medal qazanan digər cüdoçumuz Orxan Səfərov (66 kq) 5 pillə irəliləyib. 2196 xala malik idmançımız 22-cidir.

Mənbə: apa.az