Qurban Qurbanov: “Heyətlə bağlı problemlərimiz var”

Qurban Qurbanov: “Heyətlə bağlı problemlərimiz var”

“Hazırlaşmağa çox vaxtımız yoxdur. Futbolçularla birlikdə rəqibin oyunlarına baxıb, təhlil aparmışıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində İspaniya klubu “Vilyarreal”la keçiriləcək oyunöncəsi danışarkən deyib.

Oktyabrın 29-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda rəqibini qəbul edəcək Azərbaycan çempionu bu gün qardaş ölkəyə yollanır.

Səfəröncəsi Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandıran Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Sabaha yüngül məşq salmışıq. Oyun günü də məşq keçəcəyik. Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq. Çempionatlar fərqli olsa da, rəqibin məşqçisinin də böyük önəmi var. Hamımız bilirik ki, Unay Emeri fərqli, çox tələbkar məşqçilərdən biridir. “Vilyarreal” yaxşı rəqibdir. İstənilən halda, düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evimizdəki kimi hiss etməyə çalışacağıq”.

- Emeri “Arsenal”ı çalışdırarkən onunla üz-üzə gəlmisiniz. Həmin “Arsenal”la indiki “Vilyarreal” arasında oxşarlıq varmı?
- “Arsenal”da bir qədər fərqli futbol oynadırdı, sistemi dəyişmişdi. Daha çox 5 müdafiəçiyə üstünlük verirdi. Amma burada sırf əvvəlki vaxtlardakı – “Valensiya”dakı oyun üslubuna üstünlük verir. Çox sürətli oyunçuları var, topla həddən artıq çox davranırlar. Hazırda La Liqada da liderlər sırasındadır. Hətta liderliyi ötən turda əldən verdilər. Ölkəsində inamlı və istəkli futbol göstərən komandadır.

Mənbə: apa.az