"Tələbkar davranıram, çünki daha yaxşı oynaya bilərlər" - Rəşad Sadıqov

"Bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə əsasən meydanın mərkəzində getdi".

Offsideplus.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VIII turunda evdə "Səbail"lə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis meydanda bərabər səviyyəli oyun getdiyini bildirib: "Çox baxımlı futbolun şahid olmadıq. Halbuki daha yaxşı oynaya bilərdik. Bunun üçün potensialımız var. İstədiyimizi gerçəkləşdirə bilmədik".

Bəzi epizodlarda futbolçularına sərt reaksiya verən baş məşqçi onlara dəstək olduğunu da vurğulayıb: "Mən özüm də bu cür reaksiya ilə az üzləşməmişəm. Bir çox məşqçi futbolçularından nə isə tələb edir. Heç də hər zaman belə deyiləm. Çünki onlara dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Futbol oynadığım vaxtda özüm də çox tələbkar olmuşam, epizodlara reaksiya vermişəm".

Komandanın gürcüstanlı hücumçusu Davit Volkovun oyununun alınmasının səbəbini açıqlayan mütəxəssis bunu qol epizodları yarada bilməmələri ilə əlaqələndirib: "Son 3 oyunda qol vurmaqda çətinlik çəkirik. Cəmi 1 dəfə fərqlənmişik. Sumqayıtda yaxşı qol imkanlarımız oldu. "Qarabağ"la matçda bəzi epizodlarda yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinliyimz var. Problemi sırf Volkovla əlaqələndirməzdim. Rəqiblərimiz də bizi analiz edir. "Səbail" yaxşı müdafiə olunurdu. Hücumçu elədir ki, ona şərait yaratmaq lazımdır".

Offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirus xəstələri ətraf üçün nə vaxta qədər təhlükəlidir? - İmmunoloq AÇIQLADI

SONRAKI XƏBƏR

Aygün Kazımova məşhur xalq mahnımızla bağlı BİLİNMƏYƏNLƏRDƏN DANIŞDI