"Matç TV"nin azərbaycanlı şərhçisi azərbaycanlı jurnalisti təhqir etdi

"Matç TV"nin azərbaycanlı şərhçisi azərbaycanlı jurnalisti təhqir etdi

Bir neçə gün öncə azerisport.com saytında “Matç TV”nin “Qarabağ”ın oyunlarını boykot etməsi ilə bağlı xəbər yerləşdirilmişdi. Rusiyanın aparıcı idman telekanallarından olan “Matç TV” “Qarabağ”ın İspaniya nəhənglərindən olan “Vilyareal”la qarşılaşmanı efirə daşımamaqla bir növ məlumatı təsdiqləmiş oldu.

Offsideplus.az xəbər verir ki, adıçəkilən telekanalda şərhçi kimi çalışan azərbaycanlı Elvin Kərimov şəxsi “feysbuk” səhifəsində məsələyə münasibət bildirərək yazının müəllifi olan Ruslan Mikayıllını tənqid edib, bəzi hallarda hətta təhqirə də yol verib.

Yazını ixtisarla diqqətinizə çatdırırıq: “Əvvəla onu qeyd edim ki, “Matç TV” oktyabrda Azərbaycan millisinin UEFA Millətlər Liqasında iki oyununu efirə daşıyıb. İkinci məsələ, Avroliqanın qrup mərhələsində çox sayda oyunlar keçirilir və hansıların göstərilməsinə telakanal qərar verir. “Makkabi” “Qarabağ”la oynayan gün “Volfsburq” – ÇSKA, “Dinamo” – “Feyenoord”, “Lester ” – “Zarya”, “Seltik” – “Milan”, “Tottenhem” – LASK görüşləri yayınlanıb. Belə vəziyyətdə oyunlar arasındakı ciddi rəqabəti görmək üçün proqram direktoru olmağa ehtiyac yoxdur. 29 oktyabr – “Qarabağ” “Vilyareal”la oynayan gün ÇSKA – “Dinamo”, “Feyenoord” – “Volfsburq”, “Antverpen” – “Tottenhem”, AEK – “Lester”, “Milan” – “Spartak” qarşılaşmaları göstərildi.

Yazını hazırlayan Ruslan Mikayıllı JURNALİST OLSAYDI, xəbərin doğruluğuna əmin olmaq üçün “Matç TV”nin rəhbərliyi ilə əlaqə saxlayardı. Ən pis halda mənə zəng edərdi. Görünür, PASİFİSTLİK etməyi (özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır - H.) və YALANÇI VƏTƏNPƏRVƏRLİK GÖSTƏRMƏYİ LƏYAQƏTİNDƏN ÜSTÜN TUTDU. Olsun”.

Bir azərbaycanlının digəri azərbaycanlı, həm də HƏMKARI haqda bu cür ifadələr işlətməsi hələ də millət olaraq bərkimədiyimizi göstərir. Ruslanın yazdıqları məntiqə söykənir və həqiqət mesajıdır. Lakin səhv olsaydı belə, Rusiyada yaşayan və telekanalda işləyən Elvinin öz azərbaycanlısının, hələ həmkarının ünvanına o cür ifadələrdən istifadə etmək İXTİYARI YOXDUR. Əminəm ki, göstərişi ona “Matç TV”nin rəhbərliyi, bəlkə də birgə çalışdığı adını çəkmək istəmədiyim erməni dığası verib.

İstənilən halda, o statusu oxuyan və şərh bölümündə azərbaycanlıların “söz savaşına” şahidlik edək səbəbkarlar xeyli gülüb, sevindilər. Adamlar kənarda dayanıb həmkarlar arasında asanlıqla savaş yarada bilirsə, vay bizim halımıza.

Elvin, “Matç TV”yə yönələn ittihama (həqiqətən də ittihamdırsasa) cavab verəsi adam sən deyildin. Hətta sən idinsə belə, bunu başqa şəkildə etməliydin. Bu cür həssas dönəmdə öz azərbaycanlını rusun, erməninin qarşısında təhqir etməklə yox... AYIB OLSUN!

HƏBİB

Mənbə: offsideplus.az