Azərbaycanın güləş yığmasında koronavirusa kütləvi yoluxma

Azərbaycanın güləş yığmasında koronavirusa kütləvi yoluxma

Sərbəst güləş üzrə Azərbaycan yığmasında COVİD-19 infeksiyasına 10-dan artıq yoluxma halı qeydə alınıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, ölkənin həm aparıcı idmançıları, həm də məşqçi qərargahının nümayəndələri xəstələniblər.

Məlum olduğu kimi, Azərbaycanda qapalı məkanlarda idman yarışlarının və məşqlərin keçirilməsi qadağandır. Yalnız milli komandalara daxil olan idmançılar zallarda məşq edə bilərlər. Amma görünən odur ki, Azərbaycan Güləş Federasiyasında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl olunmayıb. Güman edilir ki, güləşçilər və onların məşqçiləri yalnız milli komanda üzvlərinin deyil, həm də yığmaya daxil olmayan idmançıların buraxıldıqları məşqlər zamanı kütləvi şəkildə yoluxublar.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının nümayəndələri koronavirus testindən keçdikdən sonra vəziyyət daha da pisləşə bilər. Klassiklərin isə virusa qarşı sabah test ediləcəkləri gözlənilir.

Qeyd edək ki, qadın güləşi üzrə Azərbaycan yığmasının məşqçisi İsaməddin Hüseynov koronavirusun qurbanı olub. 46 yaşlı mütəxəssis bir neçə gün bundan əvvəl dünyasını dəyişib.

Onu da əlavə edək ki, Azərbaycan güləşçiləri dekabrın 12-dən 18-dək Belqradda keçiriləcək fərdi Dünya Kubokunda iştirak etməyi planlaşdırırdılar. Yığmamız bu yarışa hazırlaşsa da, indiki halda hazırlıq faktiki olaraq pozulub.

pia.az

Mənbə: pia.az