İqor Ponomaryov: "Maradonaya qarşı iki dəfə oynamışam" - FOTO

İqor Ponomaryov: "Maradonaya qarşı iki dəfə oynamışam" - FOTO

"Əfsanəvi futbolçu Dieqo Maradona həyatdan getdi. Yəqin, hamı bütün dünyanın, xüsusilə də Argentinanın onunla necə vidalaşdığını gördü".

Bu fikirləri "Sabah" klubunun Müahidə Şurasının üzvü, Azərbaycanın futbol üzrə yeganə olimpiya çempionu İqor Ponomaryov Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.

Karyerası ərzində argentinalı ulduzla 2 dəfə qarşılaşan veteran yarımmüdafiəçi onunla bağlı xatirələrini bölüşüb: "Azərbaycanlı futbolçulardan mənə və Aleksandr Mixalevskiyə Maradonaya qarşı oynamaq qismət olub. Onunla karyerasının əvvəlində iki dəfə üz-üzə gəlmişəm. İlk dəfə 1979-cu ildə SSRİ yığmasının heyətində Yaponiyada gənclər arasında dünya çempionatının finalında rəqib olmuşuq. Həmin vaxt 1:3 hesabı ilə uduzmuşduq. Mənim qolumdan sonra hesabda önə keçsək də, təəssüf ki, Maradona və Diasın vurduğu toplardan sonra qələbəni qoruya bilmədik. Daha sonra yenə SSRİ yığması ilə Argentinadakı yoldaşlıq oyununda üz-üzə gəlmişik. Dövrümüzün ən böyük futbolçusuna qarşı oynaya bildiyim üçün taleyimə minnətdaram. 1988-ci il Seul Yay Olimpiya Oyunlarında isə qrup mərhələsinin oyununda Argentinaya 2:1 hesabı ilə qalib gəlmişdik. Lakin həmin olimpiadada Maradona yox idi".

"Hələ o vaxtdan qeyri-adi istedada malik olduğu görünürdü. Sürətli, çevik, texnikalı olmaqla yanaşı, xüsusi enerjisi var idi. O, anadangəlmə istedadlı idi. Təəssüf ki, futbol planetində silinməz iz qoyan dahi Maradona dünyasını belə tez dəyişdi", - Ponomaryov fikirlərini tamamlayıb/Report.

Mənbə: www.mia.az