Zaur Axundov legionerləri qovdu: “Keşlə”də nə baş verir?

Zaur Axundov legionerləri qovdu: “Keşlə”də nə baş verir?

"Keşlə”də xaos davam edir. Klubu həvəskar səviyyədə idarə edən Müşahidə Şurasının sədri Zaur Axundov mövsümün gedişində artıq 5-ci futbolçunu komandadan qovub.

Çempionatın start oyunlarında meydana çıxan Aleksandr Kristavaonun Bakıdan necə qaçdığını xatırlayarsız. İkinci vətəni Hollandiyaya icazəsiz gedən və geri qayıtmayan anqolalı ilə müqavilə pozumuşdu. Daha sonra Cavid İmamverdiyev yola salındı. Bu futbolçu da mövsümün əvvəlində bir neçə matça çıxmasına baxmayaraq, "Sumqayıt”a yollanmağı üstün tutdu.

Son turlardakı uğursuzluq daha 3 futbolçunun biletinin kəsilməsinə səbəb olub. Məğlubiyyətlərə səbəbkar axtaran rəhbərlik zəif oynadıqlarını əsas gətirərək Alvaro Tavares və Artur Batista de Souza ilə münasibətlərə son qoyub. Onlarla anlaşma qarşılıqlı razılığa əsasən pozulub. Qovulan daha bir oyunçu Şahrux Qadoyevdi. Uzun müddətdi zədəli olan bu legioner də yola salınıb.

Bu oyunçuların göndərilməsi baş məşqçi Yunis Hüseynov və Zaur Axundovun bəhanələr hazırlaması ilə izah edilməlidi. Onlar uğursuz çıxışı futbolçuların zəif oynaması ilə əsaslandırmağa çalışırlar. Halbuki fu futbolçulardan üçü yayda heyətə götürülmüşdü, digər ikisi ilə anlaşma yenilənmişdi. Zəifdilərsə, heyətə niyə cəlb olunurdular? Onlara sərf olunan vəsaitin hesabatını kim verəcək?

Təbii ki, pul Axundovun öz cibindən çıxsaydı, bu qədər suala ehtiyac olmazdı. İş ondadı ki, bütün maliyyəsi AFFA vasitəsi ilə SOCAR-dan gələn klub faktiki olaraq, dövlətdən maliyyələşir. Deməli, Axundov havaya sovrulan yüzminlərə görə cavab verməlidi.

Üstəlik, bu qovulmalar qış bazarlığına hesablanıb. Çempionat yarılanan kimi klub rəhbərliyi oyunçu çatışmazlığını əsas gətirərək yeni legionerlər axtaracaq və büdcə növbəti dəfə talan ediləcək. Qışda keyfiyyətli futbolçu tapmağın çətin olduğunu nəzərə alsaq, yayda qovulmaq üçün daha bir neçə nəfərin müvəqqəti gətiriləcəyini indidən deyə bilərik.

Zaur Axundov eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvüdü, deməli, ölkədə futbol siyasətini müəyyənləşdirən şəxslərdən biridi. Klubu bu şəkildə idarə edən birinin futbol təsərrüfatındakı rolunu indi özünüz təsəvvür edin. Sonra da niyə uçurumun dibində olmağımıza səbəblər axtarırıq.

Mənbə: fanat.az