“Gaming League Azerbaijan” yeni layihəyə start verir

“Gaming League Azerbaijan” yeni layihəyə start verir

Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan” tərəfindən ilə yeni layihəyə start verilir.

SİA xəbər verir ki, “Fortnite” oyunu üzrə ən güclü “Duo”nu (cütlük) müəyyənləşdirmək məqsədilə “Fortnite” Azərbaycan birinciliyi təşkil olunacaq. Yarışda ümumilikdə 128 komanda iştirak edəcək. Daha yüksək nəticə göstərən 32 komanda final mərhələsində ölkəmizdə ən güclü “Duo” adı uğrunda mübarizə aparacaq.

Dekabrın 14-də başlayacaq turnirin oyunları onlayn rejimdə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri baş tutacaq. Yarışlar saat 16:00-da start götürəcək.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin bu gün də populyarlığı artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda isə 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” (GLA) bu günədək 20-dən çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Mənbə: sia.az