Noyabrın koronavirus komandası - İDEAL "11-LİK" VAR - FOTO

Noyabrın koronavirus komandası - İDEAL "11-LİK" VAR - FOTO

Allah dost-tanış, qohum-əqraba, məşqçi-futbolçular arasında koronavirusa yoluxanlara şəfa versin, tezliklə ayağa qalxsınlar. Həqiqətən ağır dönəm keçiririk. Adam başını eyvandan bayıra çıxarda bilmir ki, birdən çirkaba bulaşar.

Koronavirus ölkə futbolunu da zəlil edib. Sözsüz, oyunlar keçirilir, turlar öz axarı ilə fasiləyə doğru “hərəkət edir”. Amma belə çempionat izləməkdənsə, dayanması yaxşıdır. Komandaların meydana sıxıq-salxaq heyətlə çıxması oyunun baxımlılığını azaldır, “vurma, vurmayım” prinsipi futbolu gözdən salır, oyunların vaxtı “sürüşdürülür” və s. və i.

Əvvəl sakitlik idi. Noyabrda sanki kimsə ölkə futbolunu əlinə alıb virus vannasının içinə atdı. Vaxtilə koronavirusa yoluxandan ehtiyat edirdiksə, indi xəstəlik tutmayana pis baxırlar.

İş o yerə çatıb ki, noyabrda koronavirusun “qəzəbinə” tuş gələnlərdən ayın simvolik komandasını düzəltmək olar.

“Çərçivə” birmənalı Mehdi Cənnətova tapşırılmalıdır. Onsuz da layiqli əvəzləyicisi yoxdur.

Müdafiə xətti keçilməz təsir bağışlayır. Cinahlarda “sağ”da Maksim Medvedev, “sol”da Təmkin Xəlilzadə. Arxa xəttin mərkəzində iki ucaboy - Rahil Məmmədovla Anton Krivotsyuk var.

Yarımmüdafiənin mərkəzi üçün dağıdıcı funksiyasına malik Vüqar Bəybalayevi nəzərdə tutsaq, yanında dağıdıcılıqla yanaşı yaradıcılığı da olan Emin Mahmudov yer ala bilər. Onlardan bir qədər öndə ötürmə verməyi bacaran, dəqiq zərbələrlə qapını görə bilən Rəhman Hacıyev çıxış edər. Cinahlarda Əfran İsmayılovla Vüsal İsgəndərli rəqib komandaların cinah müdafiəçilər üçün əsl başağrısına çevrilmək keyfiyyətinə sahibdir.

Hücumda Canni de Byazinin də milliyə dəvət etdiyi Mirabdulla Abbasov qol vurmaq tapşırığının öhdəsindən gəlməlidir.

Rəqibi tanımaq, taktiki-texniki tapşırıqları vermək, komandanı fiziki və psixoloji cəhətdən hazırlamaq öhdəliyi isə baş məşqçi Qurban Qurbanovun üzərinə düşəcək.

Bu komanda ilə nəinki avrokuboklar uğrunda mübarizə aparmaq, hətta çempionluğa əsas namizəd olan "Qarabağ"a "əlcək atmaq" da mümkündür. Maşallah, böyük əksəriyyəti milli üvzü, təcrübəli futbolçulardır.

Təbii ki, bu bir zarafat, futbola arxa qapıdan baxmaq üçün jurnalist yaradıcılığıdır. Amma bu zarafatın özündə də bir həqiqət var – vəziyyət həqiqətən ürəkaçan deyil.

Lənətə gələsən, "korona"!

 

Mənbə: offsideplus.az