"Kəpəz"in baş məşqçisi: "Hakim təhqirlə emosional danışığı səhv salıb"

"Kəpəz"in baş məşqçisi: "Hakim təhqirlə emosional danışığı səhv salıb"

I Divizionun VII turunun "Turan Tovuz"la ev matçında baş hakim Nicat İsmayıllını təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan "Kəpəz" klubunun baş məşqçisi Yaşar Vahabzadə qərara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 60 yaşlı mütəxəssis "Report"a açıqlamasında referini söymədiyini deyib. O, sadəcə, bəzi oyun epizodları ilə bağlı öz iradlarını emosional şəkildə bildirdiyini vurğulayıb: "Komanda uduzub, istər-istəməz emosiya olur. Matçdan sonra baş hakimə yaxınlaşıb, iradlarımı çatdırdım. O da mənə qırmızı vərəqə göstərdi. Protokolda niyə elə yazdığını bilmirəm".

Vahabzadə referinin təhqirlə emosional danışığı səhv saldığını söyləyib: "Təhqir odur ki, kimisə söyürsən, alçaldırsan. Mən isə bunu etməmişəm. Baş məşqçiyəm, haqlı iradlarımı bildirmişəm. Penalti qərarını qoyaq kənara, buna mütəxəssislər qiymət versin. Amma iki epizod oldu ki, fikrimcə, mən tam haqlıyam. İkili mübarizə zamanı oyunçum yerdə qalır, ağzı partlayır, hakim cərimə zərbəsi təyin etmir. Məgər, futbolçu ağzını özü partladıb? Deməli, zərbə dəyib. Oyunun əsas vaxtına 2 dəqiqə əlavə edir. 2 dəfə 11 metrlik cərimə zərbəsi yerinə yetirilib, həkimlər meydana çıxıblar, 3 əvəzetmə olub. Niyə bunları nəzərə almırsan"?

Baş məşqçi Nicat İsmayıllının 2019/2020 mövsümündə "Sumqayıt-2" ilə oyun zamanı da "Kəpəz"in qapısına penalti təyin etdiyini xatırladıb: "Sonra həmin epizodun təkrarına baxdılar. Orada penaltidən söhbət belə gedə bilməzdi. O matçda da 0:1 hesabı ilə uduzmuşduq. Bu referinin bizə qarşı qərəzli olub-olmadığını deyə bilmərəm. Babal yumaq istəmirəm".

Yaşar Vahabzadə qərardan apellyasiya şikayəti verəcəklərini bildirib: "Protokolda başqa şey də yaza bilərdi. Belə çıxır ki, onun fikri qəbul olunur, mənimki yox? Sabah klub şikayət edəcək".

Qeyd edək ki, "Kəpəz" Qərb derbisində "Turan Tovuz"a 2:3 hesabı ilə uduzub.

Fanat.Az

Mənbə: fanat.az