Azərbaycanda Olimpiadaya lisenziya xalları verən yarış ləğv olundu - EKSKLÜZİV

Azərbaycanda Olimpiadaya lisenziya xalları verən yarış ləğv olundu - EKSKLÜZİV

12-14 mart tarixlərində Bakıda keçiriləcək karate üzrə Premyer Liqa yarışı baş tutmayacaq. Buna səbəb Azərbaycan ərazisində aprelin 1-dək karantin rejiminin uzadılmasıdır.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib:

“Təəssüf ki, yarış Azərbaycanda baş tutmayacaq. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən qapalı zalda idman yarışının keçirilməsinə icazə verilmədi. Ona görə də şənbə günü Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosla əlaqə saxladım və fikirlərimi çatdırdım. O da mənə dövlətdən bununla bağlı məktub göndərməyimizi və yarışa iki ay qalmış məlumat verdiyimiz üçün heç bir problemin olmadığını bildirdi. İndi Gənclər və İdman Nazirliyindən bununla bağlı WKF-ə məktub təqdim etməliyəm ki, onlar bu yarışın Bakıda baş tutmayacağı barədə rəsmi məlumat yaysınlar”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarış Bakı Kristal Zalında keçirilməli idi. Yarışdan əvvəl – 7-11 mart tarixlərində karate hakimləri Bakıdakı otellərdən birində imtahan verəcəkdi.

Xatırladaq ki, daha əvvəl 13-14 fevral tarixlərində Milli Gimnastika Arenasında keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku da pandemiya səbəbindən ləğv edilmişdi.

Səbuhi Musayev

Mənbə: www.oxu.az