UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi

UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi

Dünən baş tutan oyunların uğursuz nəticələrindən sonra Azərbaycanın UEFA əmsallar cədvəlində mövqeyi dəyişməyib.

Ötən gecə təmsilçilərimizin avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarında göstərdikləri nəticələr sayəsində xal ehtiyatımız 2.625-ə çatıb.

"Qarabağ" UEFA Avropa Liqasında səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" klubu ilə əsas və əlavə hissələri qolsuz bərabərliklə başa vurub. Penaltilər seriyasından sonra ağdamlılar məğlub olaraq Avropa Liqasında çıxışlarını dayandırıblar və gələn mərhələdə UEFA Konfrans Liqasında Ukraynanın "Dinamo Kiyev" klubu ilə mübarizəni davam etdirəcəklər.

UEFA Konfrans Liqasında çıxış edən hər iki təmsilçimiz isə avrokuboklarda mübarizəni dayandırıb. "Neftçi" Bolqarıstanda Belarusun "Dinamo Minsk" klubunu minimal hesabla məğlub etsə də, iki oyunun nəticəsinə görə (3:4) liqa ilə vidalaşıb. "Zirə" isə Sumqayıtda Estoniyanın "Payde" klubunu üstələyə bilməyib (1:1) və iki oyunun nəticəsinə görə (1:2) mübarizədən kənar qalıb.

Bu mərhələdə yalnız ölkənin son çempionu "Sabah" uğurlu çıxış edib və iki oyunun nəticəsinə görə (3:0) UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə adlayıb. Bu mərhələdə Abşeron təmsilçisinin rəqibi Danimarkanın "Orhus" klubu olacaq.

Beləliklə, ölkəmizi təmsil edən klublar avrokubokların II mərhələsində 8 oyunda 3 qələbə qazanıb, 2 dəfə məğlub olub və 3 dəfə sülhə razılaşıb. Təsnifat mərhələsində qələbəyə görə əmsallar cədvəlində bir xal, heç-heçəyə görə isə yarım xal verilir, toplanan xallar avrokuboklarda iştirak edən klubların sayına bölünür. Ona görə də ölkəmizin bu mərhələdə topladığı 4.5 xal dördə bölünüb və 1.125 xal aktivimizə əlavə olunub. Birinci mərhələdən sonra ölkəmizin balansında 1.500 xal var idi və indi mövsümün yekunlarına görə Azərbaycan 2.625 xal toplayaraq hələ də bu ilin nəticələrinə görə reytinqə Latviya ilə birlikdə liderlik edir.

Ümumi reytinqdə son 5 mövsümün nəticəsi toplandığı üçün hazırda Azərbaycan 21.187 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə olan İsrailin aktivində 22.125 xal, 27-ci yerdə qərarlaşan Slovakiyanın isə 19.875 xal var. Hazırda UEFA əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.

Mənbə: oxu.az