Tovuzda akademiya var, imkanlı şəxslərin dəstəyi yox

Tovuzda akademiya var, imkanlı şəxslərin dəstəyi yox

“Akademiyanın açılması Tovuz və Azərbaycan futbolu üçün böyük hadisədir. Bu, bir növ ölkə futboluna dəstəkdir. Bildiyiniz kimi Azərbaycanın bir neçə klubunda Tovuz futbolunun yetirmələri var”

Bu fikirləri “Report”a açıqlamasında “Turan Tovuz”un İdarə Heyətinin və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev təmsil etdikləri rayonda klubun Futbol Akademiyasının açılması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bölgədə akademiyanın olması qərb futbolunda istedadlı uşaqların üzə çıxmasına və bacarıqlarını göstərməsinə təkan verəcək: “Yaxın regionlardakı uşaqlara da diqqət yetirəcəyik. Bundan başqa deyə bilərəm ki, akademiya yüksək səviyyədə tikilib və bütün standartlara cavab verir. İdman qurğusu iki mərtəbədən ibarətdir, burada 70 futbolçu qala bilər. Digər bina isə klubun əsas komandası üçün nəzərdə tutulub. Futbolçular üçün hər cür şərait yaradılıb. Ərazidə beş meydança quraşdırılıb. Hamısı da standartlara uyğundur”.

Abdullayev akademiyada hələ təyinatların gerçəkləşmədiyini sözlərinə əlavə edib: “Bu yaxınlarda AFFA rəhbərliyi ilə, icraçı vitse-prezident Elxan Məmmədovla görüşəcəyik. Bu barədə müzakirələr aparılacaq. Akademiyanın rəhbəri və digər sahələr üzrə təyinatlar gerçəkləşəcək. Namizədləri açıqlamaq istəmirik, kimin daha çox xeyir verə biləcəyinə və köməklik göstərəcəyinə baxacağıq”.

“Niyə ölkə klublarına və xaricə futbolçu çıxartmayaq?”

Abdullayevin sözlərinə görə, akademiya Tovuz futbolunun dirçəlməsinə köməklik göstərəcək: “Bu hadisə nəinki Tovuz, hətta Azərbaycan futboluna da təkan olacaq. Burada infrastruktur varsa, deməli, biz Premyer Liqada oynamağa da layiqik. Şansımız da böyükdür, həm oyunumuzla, həm də lider olmağımızla bunu haqq edirik. Yeganə problemimiz maliyyədir. Ancaq lisenziyalaşdırmaya uyğun hər şeyi yerinə yetiririk. Təkcə maliyyə dəsdəyi qalıb, onu da həll edəcəyimizə inanıram”.

İdarə Heyətinin sədri iş adamlarının futbol sahəsinə maraq göstərməməsindən şikayətlənib: “Düşünürəm ki, Tovuzda imkanlı adamlar çoxdur, bu torpaqda doğulublar, böyüyüblər. Köməklik göstərə bilərlər. Hansısa imkanlı şəxs buraya pul qoyanda nə isə götürmək istəyir. I Divizionda oynayırıq və dəstəklə bağlı iş adamlarına müraciətlərimiz olub. Bəlkə Premyer Liqaya çıxanda dəstək oldular. Yenə də müraciət edəcəyik. Kömək etmək istəyənlər də çox azdır. Sizin vasitənizlə yenə imkanlı şəxslərə müraciət etmək istəyirəm ki, hərəsi bir az dəstək olsa, komandamız Premyer Liqada yaxşı çıxış edə bilər. Neçə illərdir AFFA-dan bizə dəstək verilir. Amma assosiyasıdan başqa iş adamları da kömək etsə, yaxşı olar. Bütün klubların AFFA-dan maliyyə dəstəyi alması qurum üçün çətindir. İş adamları kömək etsələr, imkanlarımız daha çox olacaq”.

Abdullayev “Turan Tovuz” klubunun akademiya sayəsində qarşıdakı dönəmdə futbolçu transferlərindən gəlir əldə edəcəyini diqqətə çatdırıb: “Akademiyada 70 futbolçu olacaq. Niyə ölkə klublarına və xaricə futbolçu çıxartmayaq? Onlardan 20-25 nəfəri icarəyə verməklə, satmaqla klubu və akademiyanı saxlamağa yardım etmiş olarıq”.

Ağasəlim Mircavadov: “Turan Tovuz” Premyer Liqada olsa, futbolçular itməyəcək”

AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Report”a açıqlamasında Tovuz bölgəsinin ölkə futboluna yaxşı futbolçular verdiyini xatırladıb: “Tovuzda akademiyanın açılması alqışlanası hadisədir. “Turan Tovuz” klubunun əsas komandasının da bazası təmir olunub. Futbolçuya əsas nə lazımdır? Yaxşı meydan, istirahət etməsi və hazırlıq prosesi keçməsi üçün yaxşı baza. Artıq uşaqlar rahat şəkildə akademiyada qala biləcəklər. Ağstafa, Qazax, Şəmkir və digər rayonlardan uşaqlar da akademiyaya cəlb edilə bilər. Əlbəttə bu, çox gözəldir”.

Mircavadovun sözlərinə görə, Azərbaycanın bəzi bölgələrində futbol daim olub: “Məsələn Ağdamı misal göstərə bilərəm. Müzəffər Ordumuz artıq həmin ərazini işğaldan azad edib. Bundan əlavə, Gəncə və Tovuz da futbolla yaşayan bölgələrimizdəndir. Hansısa zonada akademiyanın olması isə çox sevindirici haldır. Hər şey işin keyfiyyətindən asılıdır. Akademiyada keyfiyyətli iş ortaya qoymaq lazımdır. Keyfiyyət olan yerdə, oyunçular da inkişaf edər. Hər bir işimizdə ardıcıllıq olmalıdır. “Turan Tovuz” Premyer Liqada iştirak etsə, akademiya klub üçün futbolçu yetişdirəcək və futbolçular itməyəcək”.

Təcrübəli mütəxəssis karyerasında Tovuzdan olan futbolçularla çox işlədiyini sözlərinə əlavə edib: “Turan Tovuz”un aşağı yaş qruplarındakı məşqçiləri tanıyıram. Onlar işlərini yaxşı bilirlər. Rəhbərliyim altında oynayanları da olub. Uşaqlarla işləyən məşqçilər tam başqadır. Onu hər adam bacarmır. Həmin məşqçilər uşağa baxan kimi onun necə olacağını bilirlər”.

Mircavadov akademiyanın klubun büdcəsinə xeyir verə biləcəyini söyləyib: “Səhv etmirəmsə, “Turan Tovuz”un aşağı liqalarda 7-8 komandası var. Amma artıq uşaqların işləri rahatlaşacaq. 20-30 km kəndlərdən gələn uşaqlar var. Onlar artıq akademiyada qala bilərlər və işin keyfiyyəti daha da artır. Akademiyada qalan uşaq daha yaxşı inkişaf edir. “Qəbələ” akademiyasını misal göstərə bilərəm ki, ölkə futboluna neçə oyunçular verib. Onlar da ölkənin müxtəlif bölgələrindən uşaqları seçir və yetişdirirdilər. Akademiyanın mahiyyəti belə olmalıdır”.

Nadir Nəbiyev: “Artıq başqa klublara gedənlər bizə qayıdırlar”

Qərb Regional Futbol Federasiyasının (QRFF) prezidenti Nadir Nəbiyev “Report”a açıqlamasında “Turan Tovuz” Futbol Akademiyasının region üçün gərəkli olduğunu söyləyib: “Bu regionda və ümumiyyətlə həmin zonada belə gözəl akademiya olmayıb. Akamdemiyada hər cür şərait mövcuddur. Artıq təkcə tovuzlu yox, bölgədə olan digər futbolçuların başqa klublara və şəhərə axınının qarşısı alınacaq. Valideynlər şəraitin olmadığını görür, hər şeyi tələb edirdilər. Yekunda uşaqlarını götürüb başqa klublara aparırdılar. Amma akademiyanın açılışı olmamışdan əvvəl bizə çoxlu müraciətlər olub ki, uşaqları geri qaytarmaq istəyirik. Klubların adlarını çəkmək istəmirəm, artıq həmin klublardan bizə qayıdırlar. Hər şeylə təmin olunduqdan sonra onların sadəcə futbol oynamaları qalır”.

Nəbiyev akademiyanın qarşıdakı illərdə “Turan Tovuz”un əsas komandasına verə biləcəyi xeyirlərdən də söz açıb: “Akademiyaya koordinator təyin olunmalıdır. O sahəni güclü bilən biri olsa, kluba çox xeyir verəcək. Orada çalışan məşqçilər də koordinatordan çox şey öyrənərlər. Akademiya maliyyə cəhətdən də kluba böyük dəstək ola bilər. Futbolçu yetişdirib-satmaqla klubun büdcəsinə müəyyən vəsait gələcək. Əvvəllər olurdu ki, oyunçuları yetişdirir, lakin müəyyən vaxtdan sonra saxlaya bilmirdik. Başqa klublar istəyəndə məcbur qalıb oynamaları üçün göndərirdik. Çünki bizdə aşağı yaş qrupları 15 yaşa qədər idi. Maliyyə tələb olunduğu üçün uşaqları saxlaya bilmirdik. Lakin maliyyə və şərait olandan sonra bu, tam mümkündür”.

“Bilmirəm ki, niyə iş adamları futboldan qaçır?”

Keçmiş futbolçu “Turan Tovuz”un növbəti mövsüm Premyer Liqada iştirakı variantına münasibət bildirib: “Əvvəllər futbolçuları bazada saxlamaq üçün şəraitimiz yox idi. Hətta soyunub-geyinmə otağı da istənilən səviyyədə deyildi. Artıq həmin problemlərimiz yoxdur. Amma heç kim bizə deməyib ki, gələn il Premyer Liqada oynayacaqsınız. Şəxsən mənə deməyiblər. Oynayası olsaq, yeganə problemimiz maliyyədir. Başqa heç bir problem yoxdur, hər cür şəraitimiz var. Maliyyə dəstəyi olmalıdır”.

Nəbiyev iş adamlarının kluba dəstək olmadıqlarını vurğulayıb: “Bir neçə dəfə müxtəlif şəxslərə müraciət etmişəm, mən və klubun İdarə Heyətindəki şəxslər də müraciət ünvanlayıblar. İş adamları ilə görüşümüz və danışığımız olub. Amma heç bir dəstək olmayıb, indiyədək elə bir şey görməmişəm. İşlədiyim vaxtdan danışıram. 2015-ci ildən bu klubda idim. Az da olsa, ara-sıra dəstək olub. Amma bizə maliyyə dəstəyi olmayıb. Bilmirəm ki, niyə iş adamları futboldan qaçır? Halbuki özüm futbol oynadığım vaxt görürdüm ki, bir neçə imkanlı şəxs klub uğrunda mübarizə aparırdı. Düşünürəm ki, iş adamlarında futbola maraq qalmayıb, fikirlərini başqa sahələrə yönəldiblər”.

QRFF prezidenti akademiyada düzgün seçimlər etməli olduqlarını bildirib: “Milli komandalara layiqli futbolçular yetişdirməliyik. Tək futbolçu kimi yox, bir növ şəxsiyyət kimi, futbolçu olmaya da bilər. 2-3 ilə milliyə futbolçu vermək çətindir. Amma üzərimizdə çalışıb, yaxşı futbolçular yetişdirə bilərik. Hazırda axtarışdayıq. Elə şəxs seçmək istəyirik ki, faydası dəysin. Koordinatorla bağlı bir neçə namizəd var, onların içindən ən yaxşısını seçməyə çalışacağıq”.

Qeyd edək ki, “Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi yanvarın 16-da baş tutub. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər. Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Mənbə: minval.info