Millimizin məşqçisi: “Akinfeyev məni görən kimi “Dima dayı, sən burda nə edirsən?!” dedi” - FOTO

Millimizin məşqçisi: “Akinfeyev məni görən kimi “Dima dayı, sən burda nə edirsən?!” dedi” - FOTO

Azərbaycan millisinin və Rusiyanın ÇSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva komandasına təyinatından danışıb.

O, klubun rəsmi saytına müsahibəsində Rusiya klubundan dekabrda təklif aldığını bildirib:

“Təklif doğrudan da gözlənilməz oldu. Üç ildir ki, mən Azərbaycan millisində işləyirəm. Qərar Yeni ildən qabaq qəbul edildi. Rəhbərliklə – Roman Babayev (klubun baş direktoru), Viktor Qonçarenko (baş məşqçi) ilə danışdıq, Vasili Berezutski (köməkçi məşqçi) də o söhbətdə iştirak etdi. Uzun-uzadı danışmadıq, onların hamısı futbol adamlarıdır. Qərara gəldik ki, iki postda da işləyə bilərəm. Sonra milli rəhbərliyi ilə əlaqə qurdum, orada da mənimlə görüşdülər. Günün sonunda biz qərara gəldik ki, yoxlamağa dəyər”.

O, iki il əvvəl İspaniyada Rafael Benitesin “Nyukasl” komandası ilə ÇSKA yoxlama oyunu keçirərkən gəlib baxmasından da danışıb. O həmin vaxt komandanın qapıçısı İqor Akinfeyevlə bağlı məqamdan danışıb:

“Onda 19 yaşadək millimizlə birgə İspaniyada idim. Axı mənim işim həm də 16-17 yaşdan yuxarı qapıçılara nəzarət etməkdir. Biləndə ki, “hərbçilər” yaxınlıqda oynayacaq, baxmaq üçün imkan tapdım. Axı mənim bu matçda tək “qırmızı-göylər”ə yox, həm də ingilislərə xüsusi hisslərim vardı. 2005-ci ildə biz onlara qarşı öz millimizlə məhz Nyukasl şəhərində oynamışdıq. İlk hissə 0:0 bitmişdi, sonra iki top buraxmışdım. Mənə qolları Cerardla Bekhem vurmuşdu...

Xatırladığım qədəri ilə leysan yağışı altında oynadıq. Meydançada can qoydum. Həqiqətən onda bu, gözəl nəticə hesab olunurdu. ÇSKA – “Nyukasl” oyununa qayıtsam, həmin gün “hərbçilər”in simasında komanda ruhuna görə özümə yaxınlıq gördüm. Karyeramın bitdiyi anadək ÇSKA-ya azarkeşlik etdiyim üçün çox şad oldum. Matçdan sonra kənardan keçirdim, gördüm ki, jurnalistlər İqor Akinfeyevdən müsahibə götürürlər. O məni görən kimi “Dima dayı, sən burda nə edirsən?!” dedi (gülümsəyir). Jurnalistləri atıb, qucaqlaşdıq, çox xoş an idi”.

Səbuhi Musayev

Mənbə: www.oxu.az