İlin ilk oyunları başlayacaq Azərbaycan Premyer Liqası

Sabah Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

SİA-nın məlumatına görə, iki gün davam edəcək turun oyunları ilə qış fasiləsi başa çatacaq.

Cəmi 27 gün sürən fasilədən sonra II dövrənin son turunun matçları baş tutacaq. Ötən il keçirilməli olan, lakin təxirə salınan bu qarşılaşmalar 2021-ci ilin ilk matçları olacaq.

Turun bütün oyunları Bakıda keçiriləcək. Görüşlərdən üçü ilk gündə baş tutacaq.

Çempionatın lideri “Neftçi” “Səbail”in qonağı olacaq. Ölkənin ən titullu klubunun baş məşqçisi kimi məğlubiyyət görməyən Samir Abasov yetirmələrini növbəti qələbəyə daşımaq arzusundadır. Mövqeyini qorumaq üçün “ağ-qaralar” qalib gəlməlidir. Son 5 görüşdə meydanı qolsuz tərk etməyən meydan sahibləri isə adlı-sanlı büdrətmək əzmindədir. Aftandil Hacıyevin yetirmələri ilə uğurla başlamağı hədəfləyib.

Son üç matçda qələbə nə olduğunu bilməyən “Zirə” evdə “Qəbələ”ni sınağa çəkəcək. Mükafatlara iddia edən Rəşad Sadıqovun yetirmələri liderlərdən uzaq düşməmək üçün uğursuz seriyanı qırmalıdır. Elmar Baxşıyevin yetirmələri isə məğlubiyyətsiz matçlar seriyasını 4-cə çatdırmağa köklənib.

“Neftçi”nin büdrəməsini daha çox “Qarabağ” gözləyir. Son illərin çempionu “Sabah”ın qonağı olacaq. Autsayderlə görüşün favoriti olan Qurban Qurbanovun yetirmələri zirvə mübarizəsində vacib qələbə qazanmaq istəyindədir. Bakılılar isə son sıranı tərk etmək üçün uduzmamalıdır. Visente Qomesin komandası indiyədək məğlub etmədiyi rəqiblə dueldə sindromu qırmaq əzmindədir.

Tura yanvarın 22-də yekun vurulacaq. Qələbə həsrətində olanların duelində “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Son 6 görüşdə cəmi 2 heç-heçə ilə təsəlli tapan Ayxan Abbasovun komandası turdan-tura itirdiyi mövqeləri qaytarmaq üçün qələbəsizliyə son qoymalıdır. 4 oyundur qalıb gəlməyən paytaxt təmsilçisi təhlükəli zonadan uzaqlaşmaq niyyətindədir. Yunis Hüseynovun yetirmələri son pillələrdən uzaqlaşmaq üçün uğursuzluq zolağında olan rəqibin durumundan yararlanmalıdır.

Azərbaycan Premyer Liqası
XIV
21 yanvar (cümə axşamı)

16:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi”
“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

22 yanvar (cümə)
16:00. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Bu universitetlərdə təhsil haqqını ödəməyən tələbələr imtahana buraxılmır: Adlar açıqlandı

SONRAKI XƏBƏR

Ermənistanda nazir müavini işdən çıxarıldı