"AFA və onun İcraiyyə Komitəsi adından sizə, hörmətli prezident, sizin vasitənizlə də FIFA idarə heyətinə müraciət edərək, son 10 il ərzində federasiyanı idarəetmə tərzinizə dəstəyimizi bildiririk. Bu idarəçilik bütün dünyada futbolun inkişafını və aydın, sabit, şəffaf idarəetmə modelinə əsaslanan institusional gücü özünün əsas hədəfi kimi müəyyən edib", - deyə Tapiya bildirib.
"Bu baxımdan, ictimaiyyətə məlum olan son hadisələri nəzərə alaraq, futbol cəmiyyətində əminlikdən daha çox, qeyri-müəyyənlik yaradan layihədən imtina ilə bağlı rəhbərliyin qərarını təqdir etməliyik. Buna görə də prosesdə buraxılan səhvlərin etiraf edilməsini və FIFA-nın 211 üzv assosiasiyasına göndərilən səmimi mesajda ifadə olunan üzrxahlığı xüsusi vurğulamaq lazımdır. İdarəetmə standartlarına üstünlük verilməsi FIFA, onun üzvü olan assosiasiyalar və konfederasiyalar arasında yaxşı münasibətlərin möhkəmləndirilməsində fundamental amildir", - Tapiya əlavə edib.
O vurğulayıb ki, FIFA rəhbərliyi açıq və birbaşa dialoq vasitəsilə futbolu bütün səviyyələrdə və bütün növlərdə inkişaf etdirmələri üçün təşkilatın qapılarını bütün üzv assosiasiyaların və konfederasiyaların üzünə açıb:
"Bizim baxış bucağımıza görə, bu transformasiya şəffaf idarəetmə modelinə, nizamnamə strukturlarına hörmətə və demokratik prosedurlara əməl olunmasına əsaslanır. Bunlar futbol ailəsinin birliyi, gücü və istər idman, istərsə də institusional aspektlərdə daimi təkmilləşməyə doğru cəhdləri üçün mühüm prinsiplərdir ki, bu da sevimli idman növümüzlə məşğul olan milyonlarla insanın həyat keyfiyyətinin artmasına gətirib çıxarır".
Xatırladaq ki, bir müddət əvvəl İnfantinonun dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq istədiyi məlum olmuşdu. Lakin sonradan o, futbol ictimaiyyətinin etirazları səbəbindən "FIFA Forward Enterprise" layihəsindən imtina etdi. Təşkilat rəhbərinin tənqid olunması fonunda FIFA rəhbərliyi İnfantinonun və idarə heyəti üzvlərinin iştirakı ilə Mərakeşdə təcili iclas keçirib. Qurum, həmçinin yol verilmiş səhvlərə görə öz üzvlərindən rəsmi olaraq üzr istəyib.
İnfantino təşkilatın əsas kişi və qadın yarışlarına nəzarət edəcək bir şirkət yaratmaq niyyətində idi. Onun fikrincə, "FIFA Forward Enterprise" layihəsinin yaradılması FIFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və qlobal miqyasda futbolun inkişafına təkan verəcəkdi. Beynəlxalq Futbol Federasiyasından bildirilmişdi ki, bu sxem 4.2 milyard dollar sərmayə cəlb edə bilərdi. Lakin bu təşəbbüs funksionerlər, federasiyalar və digər təşkilatlar tərəfindən kütləvi şəkildə tənqid olunub. Jurnalist Romen Molina isə funksionerin təşkilat daxilində dəstəyi itirdiyi üçün tezliklə istefa verəcəyini xəbər verib.
Konkret olaraq, İnfantinonun təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyası (KONKAKAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən rədd edilib. Üstəlik, UEFA FIFA-nın bayrağı altında keçirilən turnirləri boykot edəcəyini açıqlayıb. Daha sonra İnfantino layihədən imtina etdiyini bildirdikdə Avropa təşkilatı FIFA prezidentinə inamın itdiyini qeyd edib.
"The Telegraph" qəzetinin məlumatına görə, əgər funksioner tutduğu vəzifədən öz istəyi ilə getməkdən imtina edərsə, UEFA ona etimadsızlıq votumu irəli sürmək niyyətindədir. Nəşr, həmçinin Avropa assosiasiyalarının İnfantinoya dəstək məktublarını geri götürməyi planlaşdırdığını da bildirib. UEFA-nın 55 üzvündən Almaniya, Rumıniya və Norveç istisna olmaqla, qalan 52 iştirakçı əvvəlcə onun namizədliyini dəstəkləmişdi. İnfantinonu dəstəkləməkdən açıq şəkildə imtina edən ilk qurum Uels Futbol Assosiasiyası olub. Daha sonra Serbiya və İsveç də daxil olmaqla, bir neçə ölkə bu addımı dəstəkləyib. İordaniya Futbol Assosiasiyasının prezidenti Əli bin Əl-Hüseyn isə FIFA rəhbərini postunu qorumaq məqsədilə şantaj etməkdə günahlandırıb.
İnfantino 2016-cı ilin fevralında FIFA-nın rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternativsiz əsasda yenidən bu posta təsdiqlənib. Təşkilata növbəti prezident seçkisi 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. İnfantino isə yenidən bu vəzifəyə seçilmək istəyini artıq bəyan edib.
Mənbə: oxu.az