Yaponiya hökuməti Tokio Olimpiadasını ləğv etmək istəyir

Yaponiya hökuməti Tokio Olimpiadasını ləğv etmək istəyir

Yaponiya hökuməti Tokioda keçiriləcək Olimpiya Oyunlarını koronavirus səbəbindən ləğv etmək niyyətindədir.

“Qafqazinfo” bildirir ki, bu barədə “The Times” qəzeti Yaponiya hökumətindəki mənbəyə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, hökumət daxilində Oyunların yenidən Tokioda keçirmək mümkünlüyünü saxlamaq şərti ilə onların ləğvini elan etmək üçün yol axtarırlar.

“Heç kim bunu birinci elan etmək istəmir, amma hamı razılaşır ki, (Olimpiadanı keçirmək-red.) çox çətin olacaq. Mən düşünmürəm ki, bu olacaq”, - “Times”ın mənbəsi deyib.

Onun sözlərinə görə, Oyunlar ləğv edildikdən sonra əsas diqqət onların yaxın azad tarixdə - 2032-ci ildə keçirilməsi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldiləcək.

Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Yaponiyanın “Kyodo” agentliyinə verdiyi müsahibədə “Tokio-2020” Yay Olimpiya Oyunlarını yenidən başqa tarixə keçirmək və ya ləğv etmək imkanını istisna etmişdi.

Tokio Olimpiadası 2020-ci il 24 iyul - 9 avqust tarixləri arasında keçirilməli idi. Pandemiya səbəbindən yarışlar bir il müddətinə təxirə salındı və bu il 23 iyul-8 avqust tarixləri arasında keçirilməlidir. Bununla yanaşı, “Tokio-2020” Oyunlarının adı olduğu kimi saxlanılıb.

İyunda “Tokio-2020” Olimpiya Oyunların Təşkilat Komitəsi yarışların formatının sadələşdirilməsinə dair çıxış edib. Olimpiada büdcəsi yarışların təxirə salınması və koronavirusa qarşı tədbirlərlə bağlı əlavə xərclər səbəbindən artıb və indi 1.64 trilyon yen (15,9 milyard dollar) təşkil edir.

Mənbə: qafqazinfo.az