Çiçarito keçmişi xatırladı: "Bu dəlilikdir!"

Çiçarito keçmişi xatırladı: "Bu dəlilikdir!"

“Real Madrid”in keçmiş hücumçusu Xavyer Hernandes (Çiçarito) Madrid klubunda birlikdə oynadığı Qaret Beyli haqda danışıb.

Çiçarito bu barədə Rio Ferdinandın podkastında deyib.

“Qaret Beyl fantastik idi, mən onu çox sevirəm. İspan dilində danışmadığına görə tənqid olunurdu, amma o, ispan dilində danışırdı və başa düşürdü. Paltardəyişmə otağında əla oğlan idi.

Onunla çox yaxın münasibətlərim var idi. Luka Modriç və Toni Kroosla da eyni idi – onlar ispan dilində yaxşı danışırdılar, amma öz dillərində və ya ingilis dilində ünsiyyət qurmağı üstün tuturdular, ona görə də onlarla ingilis dilində danışırdım.

Beyl görkəmli futbolçu idi və hələ də qiymətləndirilmir. Düşünürəm ki, o, dünyanın ən yaxşı oyunçularından biridir.

Onun ətrafındakı hekayələrin çoxunu başa düşmürəm. O, Çempionlar Liqasının finalında turnirin tarixində ən yaxşı qollarından birini vurdu. O, Çempionlar Liqasını neçə dəfə qazanıb? Neçə britaniyalı futbolçu onu üç-dörd dəfə qazandığını deyə bilər (Beyl Çempionlar Liqasının beşqat qalibidir)? Amma nədənsə, bu barədə danışan çox az adam var.

Təsəvvür edin: solda Kriştiano Ronaldo, sağda Qaret Beyl və mərkəzdə Kərim Benzema. Bu dəlilikdir. Sonra deyirlər ki, “Çiçarito ora gəldi və ehtiyat oyunçular skamyasında oturdu”. Əlbəttə! Mən nə etməli idim? Əgər onlar dörd hücumçu ilə oynasaydılar, bəlkə də mən oynayardım.

Sonra Beyl və Kərim zədələndilər, mən isə Kriştiano ilə birlikdə oynamağa başladım və yaxşı oynadım, vacib qollar vurdum”.

Mənbə: publika.az