Kriştiano Ronaldo və Corcina Rodrigesin evlənəcəyi gözlənilən Madeyradakı Funşal Katedralının qarşısında 2000-dən çox insan toplaşıb.
Kriştianonun adı və 7 rəqəmi yazılmış köynəklər geyinən azarkeşləri kafedralın qarşısındakı meydana axın etməyə başlayıblar, lakin həmin gün başqa bir cütlük evlənirdi: Fransada yaşayan və evlənmək üçün adaya qayıdan Fabio Ramos və Fatima Nikol Kunya Teyşeyra.
Mikroavtobusla ayrı-ayrılıqda gələn bəy və gəlinin yoldaşları, insanlar Kristianonun peyda olmasını gözləyərkən, kilsəyə girmək üçün izdihamın arasından keçməli oldular.
Gəlini mərasimə aparan “Rolls-Royce” meydana çatanda yüzlərlə insan mobil telefonlarını qaldıraraq maşını mühasirəyə aldı, bəziləri isə Kriştiano Ronaldonun üzü olan maska taxmışdı. Toy iştirakçılarından biri izdihamı qovmağa çalışaraq qışqırıb: “Bu Corcina deyil!”
Nəhayət, gəlinin rəfiqələri və bəyin yoldaşları insanları kənara itələyib Fatimənin kilsənin girişinə doğru getməsi üçün yol açmağı bacarıblar.
Cütlüyün toyunu keçirən kafedral keşişi Ata Markos Qonsalves bildirib: “Sizə deyə bilərəm ki, onların Kriştiano Ronaldo ilə heç bir əlaqəsi yoxdur. Bu gün burada yalnız bir toy mərasimi keçirilir”.
Keşiş həmçinin əlavə edib ki, futbolçunun gələcək toyları üçün kafedralı sifariş edəcəyinə inanmır.
Kriştiano Ronaldo hadisəyə sosial mediada reaksiya verib. “Əl-Nəsr” in hücumçusu media orqanının İnstaqram paylaşımına gülüş emojisi əlavə edib
Mənbə: publika.az