Yeniyetmə futbolçulardan üsyan: "Operativ Qərargah, bizi də düşün, məşq etmək istəyirik"

Yeniyetmə futbolçulardan üsyan: "Operativ Qərargah, bizi də düşün, məşq etmək istəyirik"

Son günlər sərt karantin rejimi ilə bağlı bir sıra yumşaltmalara gedilsə də ölkədə əsas inkişaf etdirilməli sahələrdən olan idmanla bağlı yenilik görmürük. Koronavirusla əlaqədar olaraq ölkədə azarkeşlərin stadiona yollanmalarına qadağa qoyulmaqla yanaşı zallarda idmana şərait yaradılmır. Çətinliklə üzləşəndə sərt karantin qərarı çıxarıb insanları, işlərindən, peşələrindən, qazandıqları bir tikə çörəkdən məhrum edən Nazirlər Kabineti yanında Operativ Qərargahın və virusla mübarizədə aciz qalan TƏBİB-in bir sıra anlaşılmaz, absurd qərarları artıq idmançıları da bezdirib.

Xüsusən də aşağı yaş qruplarından ibarət komandalar etirazlarını açıq şəkildə bildirməyə başlayıb. Məlum olduğu kimi ötən ilin yaz-yay aylarından etibarən ölkədə aşağı yaş qruplarından ibarət komandaların məşqləri dayandırılıb. Təxminən 1 ilə yaxındı ki, ölkə futbolunun gələcəyi sayılan azyaşlı futbolçular sevdikləri və öz gələcəklərini gördükləri bu idman növü ilə istədikləri şəkildə məşğul ola bilmirlər. Hətta insanların koronavirus qaydalarına əməl etməsinə, son vaxtlar yoluxmanın azalmasına baxmayaraq TƏBİB-lə OQ yeniyetmə futbolçuların məşqlərə başlaması üçün şərait yaratmaq fikrində deyil. Halbuki ölkədə ən çox inkişaf etdirilməsi vacib olan sahələrdən biri də məhz uşaq futboludu. Onsuz da getdikcə geriləyən faydasız, Azərbaycana ancaq pul qazanmaq üçün gələn legionerlərə möhtac qalan futbolumuzun durumunu nəzərə alsaq belə deməyə kifayət qədər əsas var. Ən üzücü məqam budur ki, futbolumuza birbaşa cavabdeh olan AFFA da məsələ ilə bağlı heç bir iş görmək istəmir. Əllərinin altındakı komandalara yalnız əcnəbi gətirməyə, yoldan keçənləri millimizə soxuşdurmağa başları qarışan qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov və onun ətrafındakı futboldankənar şəxslər təəssüf ki, ölkədə uşaq futbolunun fəaliyyətini bərpa etmək yönündə heç nə etmir.

Təbii, belə olan halda azyaşlı futbolçuların da etiraz səslərini ucaltmağa tam haqları var. Elə "Zirvə" Bakı Futbol Klubunun balaca idmançıları kimi. Xeyli müddətdi sevimli peşələrindən uzaq qalan klubun nəzdindəki yeniyetmə futbolçular istədikləri kimi məşq edə bilmirlər. Belədə perspektivlərinin sual altına düşməsindən çəkindikləri üçün trend yaratmaq qərarına gəliblər. Onlar futboldan kənar saxlanıldıqlarına görə fotolarda gördüyünüz şəkildə etirazlarını bildiriblər. Əllərində üzərində "Operativ Qərargah, bizi də düşün, məşq etmək istəyirik", "COVİD stadiona girir, avtobusa minmir" yazılan kağız parçalarını nümayiş etdirən futbolçular dolayısı ilə hamı kimi TƏBİB-lə OQ-nin absurd qərarlarından bezdiklərini ictimaiyyətə çatdırıblar. Əlbəttə, addımlarında haqlıdılar. Üstəlik onlar hələ ölkədə futbolla məşğul olan yüzlərlə yeniyetmələrin bir qismidi. İndi düşünün ki, AFFA-nın məsuliyyətsizliyindən, TƏBİB-lə OQ-nin bir çox mənasız qərarlarından əziyyət çəkən nə qədər azyaşlı futbolçu, idmançı var. Özümüzü hər hansı Avropa ölkəsi ilə müqayisə etmək fikrində deyilik. Çünki uçurum qədər fərq ortadadı. Yalnız onu deyə bilərik ki, belə davam edəcəyi təqdirdə qısa zamanda bunun fəsadlarını görməyə başlayacağıq...

Səbuhi Həsənov

Mənbə: sport7.az