Bizim Şahin dayı və futbolumuzun Mahiri

Bizim Şahin dayı və futbolumuzun Mahiri

“Mən hər zaman ölkə xaricində oynamaq istəmişəm. Amma, ilk növbədə, yaxşı kluba transfer olmalıyam. Haradan getdiyini nəzərə almaq lazımdır. Məsələn, Polşa liqası yaxşı ola bilər. Amma "Qarabağ" bu günədək həmin ölkənin bütün klublarını udub. Bu da bir reallıqdır. Hər şeyi liqanın səviyyəsi ilə ölçmək düzgün olmaz. Bütün amilləri nəzərə almaq lazımdır.

Elə komandalar var ki, ucaboy, atletik futbolçuların hesabına uzun ötürmələrlə oynayırlar. Mən "Qarabağ"da hər zaman yerlə oynamışam, top saxlmağa üstünlük vermişəm. Başqa üsluba uyğunlaşmaq bir az çətin olar".

Mahir Emrelinin Polşa “Zaqlembe”sindən imtinasına göstərdiyi səbəbləri oxuyanda yadıma qonşu Şahin dayı düşdü.

Bizim və qonşuluqdakı binalarda yaşayanların sevimlisidir şəkili dayımız. Sovet vaxtı hərbi xidmətini Almaniyada çəkib, sonradan Ukraynaya yollanaraq orda məskən salıb. Uzun illərdən sonra vətənə qayıdıb. Alicənab, qanacaqlı, böyük-kiçik yeri bilən, necə deyərlər, hər barmağında bir mərifət olan kişidir.

Binada kimin evində nə işi olsa, Şahin dayını axtarır. Allah canına dəyməsin, haranı göstərsən, ora dərman tapan adamdır. Döşəmə, tavan, rəngsaz, elektrik işi... Yeganə “minus”u santexnika ilə arasının olmamasıdır. Adi krant dəyişmək nədir ki, ona baş qoşmur. Deyir, əvvəldən marağım olmayıb, nədənsə bu iş məni özünə çəkməyib. Ona görə də santexnik işlərinin Şahin dayılıq olmadığını hamı bir nəfər kimi bilir.

Hə, indi bizim bu ərköyün Mahir də yaxşı futbolçu olmaq üçün hər şeyi öyrənib, bircə “göylə” oynamaqdan başqa. Uşaq vaxtı “Bakı”da, “yetişəndən” sonra “Qarabağ”da ona gərəkən məlumatları veriblər. Özü də dediyi kimi, topla rəftarı bacarır, “yerlə” oynamağı sevir, amma Avropanın əksər ölkələrində sevilib, qəbul edilən atletik futbol onluq deyil.

Başqa bir problem də “Qarabağ”ın indiyə qədər üzləşdiyi Polşa komandaları üzərinə qələbə qazanmasıdır. Yəni, Mahirin səviyyəsi bu gün bu ölkədə legioner həyatı yaşamağa imkan vermir. Məsələn, İngiltərə, İspaniya, İtaliya olsaydı, başqa məsələ. Amma Polşa yox da. Qıraqdan baxan Mahiri lağa qoyar ki, “Qarabağ” Polşa komandalarını udur, azərbaycanlı futbolçu gedib orda oynayır.

Mahir, əzizim, dostum, balaca qardaşım, etmə-eləmə. Bu cür danışma, vermə belə açıqlamalar. Futbolçunun işi futbol oynamaqdır, “yerdən”, “göydən” – fərq etmir. Topu daşıyıb sənə gətirirlər, sən də qapıdan keçirməlisən. Gördün hava ötürməsi edirlər, saxla, ayağına sal. Sonra keçir sol ayağına, vur qapıya.

O ki qaldı “Qarabağ”ın Polşa komandaları yenməsinə, bu cür ucuz bəhanə də yığma üzvünün adına yaraşmır. Polşa çempionatı ilə Azərbaycan birinciliyi arasındakı fantastik fərqi özün də bilirsən, görürsən axı. Nəyə lazım o boyda ölkənin yüksək dəstəsini aşağılamaq? Polşalı Robert Levandovski dedikləri oxusa, elə söz deyər ki, yer aralanar, tək sən yox, ümumi futbolumuz yerin altına girər.

“Sudan quru çıxmağın” bir yolu var. Gördün hansısa jurnalist səndən niyə xaricdə oynamaq istəmədiyini soruşur, Şahin dayı kimi et. De ki, hər şeyi bacarıram, bircə isti evi qoyub, xaricə getməkdən başqa.

Mənbə: offsideplus.az