Rəşad Sadıqovun vəfa borcu

Azərbaycan futbolunda durğunluqdu. Gurultulu transferlər, iddialı açıqlamar, rəqabət mühiti yoxa çıxıb. Düzdü, bu acınacaqlı vəziyyəti müəyyən mənada koronavirus pandemiyasının gətirdiyi çətinliklərlə əlaqələndirmək mümkündü. Amma pandemiya, karantin rejimi 10 ay əvvəl başlayıb.

Bu proses isə uzun müddət idi davam edirdi. Yalnız bir məqamı pandemiyanın ayağına yazmaq olar ki, hər ilin bu vədəsini klublarımız Antalyanın beşulduzlu otellərində keçirərdilər. İndi isə hamı evdə hazırlaşmağa məcbur olub, Türkiyəyə uçmaq xeyli çətin və təhlükəlidi. Qalan hər şey uzun müddət davam edən prosesin nəticələridi. Bu sönüklüyün fonunda ötən həftə "Zirə”nin baş məşqçisi Rəşad Sadıqova iki köməkçinin təyin olunması diqqəti çəkdi, müzakirələrə səbəb oldu. Söhbət Vaqif Paşayevlə Hacı Əhmədovun "Zirə”yə köməkçi-məşqçi qismində dəvət olunmasından gedir. Xüsusən də Paşayevin "Zirə”yə gətirilməsi çoxları tərəfindən alqışlandı, bu təyinatın başqaları kimi olmadığını hamımız bilirdik. Onu da bilirdik ki, Vaqif bəy Rəşad Sadıqovun futbolçu kimi yetişməsində, hələ uşaq yaşlarından onun istedadının kəşf edilməsində böyük rol oynayıb. "Zirə”dəki həmin təyinat da Sadıqovun müəlliminə jesti kimi qiymətləndirilirdi.

"Zirə”nin gənc baş məşqçisi özü də yoxlama oyunlarının birindən sonra verdiyi açıqlamada gümanlarımızı təsdiqlədi: "Zirə"yə gəldiyim ilk gündən Vaqif Paşayevi gətirmək planımda var idi. Peşəkar məşqçiliyə başlayandan Vaqif müəllimlə bir yerdə olmaq planımda olub. Formal olaraq köməkçi məşqçi olacaq. Amma məni yetişdirən adam köməkçim ola bilməz. Bunu yaraşdırmaram. Mən ona köməkçi-məşqçi olaram. Məşqçi heyətimizin ağsaqqalı, məsləhətçisi kimi ona ehtiyacımız var. Sağ olsun, razılaşdı”. Paşayevin yetişdirdiyi, Azərbaycan futboluna bəxş etdiyi adlar arasında Rəşaddan başqa Ceyhun Sultanov, Vaqif Cavadov kimilər də var. 1990-cı illərin sonlarında yetişməyə başlayan, 2000-nin əvvəlində parlayan futbolçuların mütləq əksəriyyəti onun rəhbərliyi altında məşq edib, top oyununun sirlərini Paşayevdən öyrəniblər. Çox təəssüf ki, sonradan bu proses dayandı, Vaqif bəy kimi mütəxəssislərin əli-qolu bağlandı, süni meydanlar, "milliləşdirmə” prosesi Azərbaycan futbolunu "qısırlaşdırmağa” başladı.

Bəlkə də çoxunuz bir məqamı diqqətdən qaçırmısız. "Zirə”yə gəlməmişdən əvvəl Vaqif Paşayev bir müddət "Neftçi”də çalışıb. Daha doğrusu, "ağ-qaralar”ın Futbol Akademiyasında. Ötən ilin avqustunda açıqlanan rəsmi məlumatda qeyd olunurdu ki, "Neftçi”nin Futbol Akademiyasında çalışacaq məşqçilər arasında Vaqif Paşayev də yer alacaq. Həmin məlumatda onun adı U-19 komandasının baş məşqçisi Rəşad Abdullayevin köməkçisi kimi göstərilirdi. Kim bilir, bəlkə də bu posta Ceyhun Sultanovun sayəsində təyinat almışdı. Az əvvəl qeyd etdiyim kimi, Sultanov da Paşayevin yetişdirdiyi tanınmış futbolçular sırasındadı. Ceyhun bəy də həmin vaxt "Neftçi”nin idman direktoru idi. Deməli, Vaqif bəyin U-19-da Rəşad Abdullayevə köməkçi təyin edilməsində də Sultanovun böyük rolu olub. Bununla da Ceyhun bəy öz müəlliminin işləməsinə, müəyyən mənada maddi dəstək almasına çalışıb. Bir tərəfdən pandemiya səbəbindən yaranan çətinliklər, bir tərəfdən də "Neftçi”nin uşaq komandalarının mövcud vəziyyəti Vaqif bəyin ordakı işini gözəgörünməz edib. Həm də artıq 19 yaşına çatmış gəncə Paşayev nə öyrədəsidi ki?! Onun işi daha aşağılardan başlamalı, özü də uzunmüddətli layihəni əhatə etməlidi.

Sözümün canı da budu. Vaqif Paşayevə daha geniş meydan verilməlidi. Hamımız bilirik ki, Vaqif bəy uşaq futbolunun mütəxəssisidi, həmin sahənin problemlərini daha yaxşı bilir. Onun müsahibələrindən birindən sitata diqqət yetirək: "Mən hər bir yeni işə başlayanda ilk şərtimi deyirəm. Heç vaxt çempion olmağa can atmamışam. Mənim işim çempion komanda hazırlamaq yox, Azərbaycan futbolu üçün uşaq yetişdirməkdi. Azyaşlı uşaqlara da bunu aşılamağa çalışmışam. Demişəm ki, siz çempion olmağa tələsməyin, ən əvvəl yaxşı futbolçu olun. Ondan sonra pul da qazanacaqsız, titul da. Həmişə arzum olub ki, milli komandamız oynayanda tribunada oturub meydandakı yetirmələrimin uğuruna tamaşa edim. Düzü, ən azı 7-8 yetirməmin millidə oynamasını arzulamışam. Bu arzum Türkiyə ilə görüşdə qismən həyata keçib. Tariximizin vacib qələbələrindən birini qazandığımız qarşılaşmada üç yetirməm meydanda idi. Söhbət Rəşad Sadıqov, Vaqif Cavadov və Saşa Yunisoğludan gedir”. Rəşad Sadıqov ilk müəllimini "Zirə”yə gətirməklə özünün vəfa borcundan çıxıb. Arzu edərdim ki, "Zirə” rəhbərliyi Paşayevin bilik və bacarığından düzgün, özü də uzun müddət yararlansın. Belədə ortaya yeni Rəşad, Vaqif, Ceyhun da çıxacaq.

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Super-kompyuter Çempionlar Liqasının finalçılarını təxmin etdi

SONRAKI XƏBƏR

Avropa İttifaqı tərəfdaş ölkələrə yardımı artırır