Moskvanın "Torpedo" klubunun keçmiş müdafiəçisi və kapitanı Aleksandr Polukarovun ayağının bir hissəsi amputasiya edilib.
Bu barədə idman hüquqşünası Anton Smirnov "Telegram" kanalında məlumat verib.
"Böyük təəssüflə məlumat verirəm. Dünən mənə bildirildiyi kimi, karyerasının 12 ilini klubda keçirən və ağ-qaralar üçün 319 matçda çıxış edən Moskvanın "Torpedo" klubunun keçmiş müdafiəçisi və kapitanı Aleksandr Vasilyeviç Polukarovun ayağının bir hissəsi amputasiya edilib. Baş verənlərin səbəbi məlum deyil. Kimsə bilirsə, şəxsi mesajla yazsın", - deyə o bildirib və Polukarova səbir arzulayıb.
Hazırda Polukarovun 66 yaşı var. O, 1980-1991-ci illərdə "Torpedo"da çıxış edib. 1991-ci ildə Moskva "Dinamo"sunun qapıçısı Aleksandr Uvarovla birlikdə İsrailin "Makkabi" klubuna dəvət alıb.
Polukarov "Makkabi"nin heyətində iki dəfə çempionatın gümüş medalını qazanıb, 1994-cü ildə isə İsrail Kubokunun qalibi olub.
Polukarov bütün futbolçu karyerası ərzində avrokuboklarda 23 oyun keçirib. Onlardan 4-ü Çempionlar Liqasında, 11-i Kuboklar Kubokunda, 8-i isə UEFA Kubokunda olub.
O, iki dəfə SSRİ mövsümünün ən yaxşı 33 futbolçusu siyahısına daxil edilib. Polukarov 1991-ci ildə ikinci, 1990-cı ildə isə üçüncü yeri tutub.
Mənbə: oxu.az