"Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır.
Report-a istinadən xəbər verilir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlamasında bildirib.
O, bu il keçiriləcək Azərbaycan Qran-prisi haqqında fikirlərini bölüşüb:
"Yubiley Qran-prisi Bakının Dünya İdman Paytaxtı olduğu xüsusi bir ildə keçirilir. Azərbaycan Qran-prisi 2026-cı ilin əsas idman tədbirlərindən biri olmaqla, paytaxtımızın beynəlxalq idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. "Formula 1"in əhəmiyyəti yalnız yarışla məhdudlaşmır. Qran-pri idman turizminin inkişafına təkan verir, yerli biznes üçün əlavə imkanlar yaradır və milyonlarla azarkeşin diqqətini Azərbaycana yönəldir".
F.Qayıbovun sözlərinə görə, bu yarış 2026-cı ilin ən yaddaqalan idman hadisələrindən biri olacaq:
"Qran-pri Bakının beynəlxalq nüfuzunun daha da güclənməsinə, Azərbaycanın zəngin mədəniyyətinin və idman imkanlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
Mənbə: olke.az