Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu – Video

Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu –

“Atam nigeriyalı, anam azərbaycanlıdır. Bir azərbaycanlı kimi çox istərdim ki, Azərbaycan millisində oynayım”.

Bu sözləri ASAN TV-yə müsahibəsində “Qarabağ”ın U-14 komandasının hücumçusu Ceyms Eziasi deyib. Azərbaycanda doğulub böyüyən yeniyetmə hücumçu həyatından, gələcək hədəflərindən və arzularından söz açıb.

“İstərdim ki, o klublarda oynayan ilk azərbaycanlı mən olum”

“Bakıda doğulmuşam, Bayıl uşağıyam. Azərbaycan himnini əzbər bilirəm. İstəyirəm ki, PSJ, “Barselona”, “Real”da oynayan ilk azərbaycanlı mən olum”.

“Yuxuda görürəm ki…”

Ceyms Eziasi atasının da futbolçu olduğunu vurğulayıb:

“Hazırda “Qarabağ”ın U-14 komandasının hücumçusuyam. Futbol mənim üçün hər şeydir. Atam da futbolçu olub. Yəqin ki, bu da mənə qandan keçib. Özümü futbolsuz təsəvvür etmirəm. Hətta yuxuda da futbol görürəm.

Görürəm ki, PSJ-də oynayan ilk azərbaycanlı mənəm. Ən sevdiyim futbolçular isə Kilian Mbappe və Vinisius Juniordur. Həqiqətən də qol vuranda çox sevinirəm. Elə oyunlar olur ki, 2, 4 qol vururam”.

Qurban Qurbanovla işləmək istəyir

O bildirib ki, “Qarabağ”ın əsas komandasında çıxış etməyi hədəfləyib:


“Qurban Qurbanovu çox bəyənirəm. Mənim üçün o, çox yaxşı baş məşqçidir. Çalışıram ki, daha yaxşı oynayım, “Qarabağ”ın əsas heyətinə düşüm. Qurban Qurbanov mənim məşqçim olsun. Ən böyük arzum isə Azərbaycan millisində oynamaqdır”.

Ceyms Eziasi Azərbaycan, rus və ingilis dillərini bildiyini də söyləyib.

“Mehriban olmasaq, qələbə qazana bilmərik”

Ceyms qeyd edib ki, “Qarabağ”ın U-14 kollektivində komanda yoldaşları ilə isti münasibət saxlayır:

“Komanda yoldaşlarımızla mehribanıq. Bir-birimizi çox istəyirik. Biz mehriban olmasaq, heç bir oyunda qələbə qazana bilmərik”.


Mənbə: bizim.media