Premyer Liqamızda qırmızı top

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları fərqli toplarla oynanılacaq.

Qol.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov özünün "Feysbuk" hesabında açıqlama verib.

O bildirib ki, qarlı hava şəraitində meydanda topun daha aydın görünməsi üçün hər ehtimala qarşı komandalar qırmızı rəngli toplarla təmin olunacaqlar.

Qarşıdakı turun oyunları fevralın 25-də keçiriləcək. Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Bank Respublika Arena"da "Sabah" "Keşlə"ni, "Azersun Arena"da isə "Qarabağ" "Səbail"i qəbul edəcək.

E.Abbasovun sözlərinə görə, PFL, klublar, stadiona cavabdeh olan şəxslər oyunları hansı tarixə təxirə salmağı yox, stadionu necə təmizləməyi düşünürlər: "Sabah güclü qar müşahidə olunmasa, hər hansı bir ciddi sürprizlə qarşılaşmasaq oyunlarımızı keçirə biləcəyik".

PFL rəsmisi stadionların bugünkü durumu barədə də danışıb:

Bank Respublika Arena – Vəziyyət kritik idi. Stadionlar içində ən çox qar bura yağmışdı. Həm “Sabah” klubunun, həm də stadion rəhbərliyinin əməyi sayəsində stadionun yarıdan çoxu qardan təmizlənib və sabah bu iş davam edəcək.

Qəbələ şəhər stadionu – Qəbələ şəhər stadionu kritik durumlara daha yaxşı hazırdır. Bura duman problemi daxil deyil. Hər hansı ciddi təbiət sürprizi olmayacağı təqdirdə, oyunla bağlı problem olmamalıdır. Oyunun rəsmi nümayəndələri, qonaq komanda artıq Qəbələ şəhərindədir.

Zirə İdman Kompleksi – Qarın təmizlənməsinə, əlavə qüvvə və texnika cəlb olunmaqla, sabah səhər saatlarında başlanılacaq.

Azersun Arena – Qarın daha az düşdüyü stadion olsa da, qarla tam örtülüdür. Sabah səhər saatlarından başlanaraq stadion axşam saatlarındakı oyuna qədər hazır vəziyyətə gətiriləcək.

Qeyd edək ki, Premyer Liqanın 17-ci tur oyunları Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlanacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Mediada islahatların dərinləşməsi labüddür - ŞƏRH

SONRAKI XƏBƏR

Strateji gediş: Rusiya ABŞ-ın dövlət borcuna bir milyard dollar yatırdı