“Türkiyə, Rusiya çempionatında çıxış edəcək səviyyədə futbolçumuz yoxdur” - ARAŞDIRMA

Qış transfer dönəmində Orxan Qurbanlı Latviyaya, İbrahim Qədirzadə isə Gürcüstana yollandısa, uzun müddət adı bir çox klublarla hallanan Mahir Emreli, Bəhlul Mustafazadə kimi milli üzvləri Azərbaycanda qaldılar.

Apasport.az saytı 2-3-cü dərəcəli oyunçuların rahatlıqla legioner həyatı yaşamaları fonunda aparıcı simaların ölkəni tərk edə bilməməsinin səbəbini araşdırmaq üçün sayılıb-seçilən menecerlərə müraciət etdi.

Tanınmış futbol agentlərimiz bunun səbəbini müxtəlif formada əsaslandırsalar da, ümumi fikir oyunçularımızın səviyyəsinin aşağı olması yönündədir.

“Eyni şərtlərlə xaricdə onlara klub tapmaq çətindir”
Tural Əsgərov: “Heç kimi aşağılamaq istəmirəm. Amma bu qış xaricə yollanan futbolçularımızın getdikləri ölkələrin çempionatları Avropa miqyasında heç 2-3-cü dərəcəli deyil. Təbii ki, hazırda millidə özünü göstərən futbolçularımızı Gürcüstana, Moldovaya, Latviyaya heç apara bilmərik. Çünki onlar burada qazandıqları maaşın yarısını həmin ölkələrdə ala bilməzlər. Yığma üzvləri ilə hətta Azərbaycanda özünə klub tapa bilməyən oyunçuları eyniləşdirmək düzgün olmaz. Bizdə keyfiyyətli yerli futbolçu sayı az olduğundan, onlara ölkə daxilində elə tələbat var ki, maaşları kifayət qədər yaxşıdır. Hətta eyni şərtlərlə xaricdə onlara klub tapmaq çətindir. “Qarabağ”dan, “Neftçi”dən gedən oyunçu ən azı bu komandalar qədər iddialı kollektivə keçməlidir”.

“Mahirə daha ciddi ölkələrdən təkliflər olub”
“Digərlərini deyə bilmərəm, amma Mahir Emrelinin transferi üzərində işləyirik. Ona ötən yay da, qış fasiləsində də təkliflər oldu. Mahirin müqaviləsi davam etdiyindən, onunla maraqlanan klublarla “Qarabağ” arasında razılıq əldə olunmadı. Mövsümün sonunda azad agent olacaq. Qismət olarsa, yayda harasa keçə bilər. Amma keçəcəyi klub ən azı “Qarabağ” qədər iddialı, çempionat isə bizim Premyer Liqadan güclü olmalıdır. Koronavirusla bağlı müxtəlif çətinliklər də mövcuddur. Həmçinin Qərbi və Mərkəzi Avropa ölkələrində Avropa İttifaqı vətəndaşı pasportu vacibdir ki, bizdə bu sarıdan problem var. İndi menecerlərin zəif olduğunu da deyə bilmərik. Məsələn, eyni menecerlər Çexiyaya, Türkiyəyə, Moldovaya, Gürcüstana, Latviyaya oyunçu apara bilirlər. Amma bəzi ölkələrlə bağlı limitlər ora keçidə mane olur. Mahirə də daha ciddi ölkələrdən təkliflər olub. Ümumiyyətlə, zəiflərlə yanaşı, kifayət qədər perspektivli, güclü futbolçularımız da var. Amma yaxşı transferin reallaşması üçün bütün məsələlər üst-üstə düşməlidir”.

“Oyunçularımızın səviyyəsi həmin liqalara uyğun gəlmir”
Səbuhi Səfiyarlı: “Sadaladığınız futbolçular bizim çempionatın səviyyəsindən aşağı olan liqalara gedirlər. Maliyyə şərtləri də zəif olduğundan, Latviya, Gürcüstan, Şimali Makedoniya, Albaniya çempionatlarına getmək problem deyil. Burada onlara yer tapılmadığı üçün getməkdə maraqlıdırlar. O ki qaldı milli üzvlərinin niyə getməməsinə, bizim futbolçuları maddi cəhətdən təmin edə biləcək ölkələrin çempionatının səviyyəsi yüksəkdir. Bizim oyunçuların səviyyəsi də həmin liqalara uyğun gəlmir. Çempionatları uyğun gələn ölkələrin isə ödəmə qabiliyyəti bizim klublardan aşağıdır. Buna görə də getmirlər. Məsələn, bizim Türkiyə, Rusiya çempionatında çıxış edəcək səviyyədə futbolçumuz yoxdur. Bizim oyunçuları istəyən Albaniya, Şimali Makedoniya kimi ölkələr isə buradakı maaşı ödəyə bilmirlər. Fikir verin, həmin ölkələrdən bura nə qədər oyunçu gəlib”.

“Mahiri inandırıblar ki, daha yaxşı səviyyədə oynaya bilər”
Erkin İbrahimov: “Əslində ölkəmizdə spekulyasiyalar 2005-ci ildən yayılmağa başladı. Bəzi futbolçular yalandan xaricdən təkliflər aldıqlarını deyirlər. Nə vaxt baxırsan, nədənsə hamını Polşadan istəyirlər. Bu, qiymət qaldırmağa xidmət edir. O vaxt səriştəsiz klub rəhbərləri bu yalanlara inanırdı. Amma indi heç kimi aldatmaq olmur. Orxan Qurbanlı əslində ötən il “Dauqavpils”lə müqavilə bağlamışdı. Amma koronavirusa görə sərhədlərin bağlanmasına bir gün qalmış bura qayıtdı. Düzdür, sonradan buna peşman oldu. İbrahim Qədirzadə də “Neftçi”də öz mövqeyinə görə, bəlkə də, 6-7-ci seçim idi. Reallıq budur ki, burada tələbat olmayan futbolçular xaricə can atırlar. O ki qaldı milli üzvlərinə, Bəhlul Mustafazadə, həqiqətən də, getmək istəyirdi. Hətta maaşa da önəm vermirdi. Amma bu məsələdə “Sabah” klubunun qərarını dəstəkləyirəm. Çünki ilk növbədə təklif çox gec gəldi. Artıq oyunlar başlamışdı. Rəhbərliyin yerində kim olsaydı, imtina edərdi. Üstəlik, Danimarka klubu onu pulsuz almaq istəyirdi. Belə olmaz axı, milli komandanın oyunçusudur. Avropada onun üslubunda oyunçu da azdır. Bəhlul serb olsaydı, çoxdan “Slaviya”da oynamışdı. İmic, pasport problemi var. Əminəm ki, təklif dekabrda gəlsəydi, “Sabah” onu buraxardı. O ki qaldı Mahir Emreliyə, onu inandırıblar ki, daha yaxşı səviyyədə oynaya bilər. Bu gün Mahir xorvat olsaydı, transfer qiyməti 3-4 milyon avro idi. Avropada bu tip futbolçu azdır. Üç mövqedə rahat oynayır, sol ayağı əla işləyir. Bildiyim qədərilə Türkiyədən “Rizəspor” onu istəyirdi. Ancaq Mahirə məsləhət verən insanlar və bəlkə özü də hesab edir ki, minimum “Beşiktaş”da oynamalıdır. Hətta Türkiyədə “Beşikaş”ın skautu ilə görüşmüşdüm. O da inanırdı ki, Mahir “Beşiktaş”da oynaya bilər. Mən də Mahirin oyununu çox bəyənirəm. O, Azərbaycan futbolunun göz bəbəyidir, son illərdə ən istedadlı oyunçumuzdur. Onun İspaniya Sequndasına yollanmaq variantı var idi, amma ora getmək istəmədi. Buna görə qınaya da bilmərik”.

“Parlaq futbolçunun heç menecerə ehtiyacı olmur”
“Ümumilikdə bizdə futbolçu qıtlığı var və Avropaya gedə biləcək oyunçu çox azdır. AFFA-nın Tovuzda baza tikməyi çox yaxşı addımdır. Bu cür bazaları ölkənin bütün regionlarında inşa etmək lazımdır. Futbolçu kasıb ailədən, asfaltda, çimərlikdə oynayaraq çıxır. Türkiyədə olduğum zaman “Ufa”nın sahiblərindən olan Şamil Qazizovla iki saata yaxın görüşümüz oldu. Məndən dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisi istədi. Amma indi zəmanət verə bilmərəm ki, Azərbaycanda “Ufa”nın bu mövqelərini gücləndirəcək futbolçu var. Təəssüf ki, yetişmir, material çox azdır. Məndən əvvəl Qazizovla ukraynalı menecer görüşdü, iki gün sonra Oleq Dançenkonu AEK-ə apardı. Həmçinin həmin menecer “Şaxtyor”dan Viktor Kovalenkonu “Atalanta”ya apardı. Bizim belə bir seçim imkanımız yoxdur. Parlaq futbolçunun heç menecerə ehtiyacı olmur. Məsələn, “Zirə”dəki Cəlal Hüseynovu “Benfika” özü araşdırıb tapıb. O vaxt Tərlan Əhmədovdan tutmuş, Samir Əliyevə qədər Ukraynaya gedənləri, Türkiyədə oynayan Vidadi Rzayevi, İsrailə yollanan Şahin Diniyevi menecerlər aparmışdı? Xeyr, onlar millinin oyunlarında seçiliblər. Həmçinin Rəşad Sadıqovu Türkiyəyə menecer aparmadı ki. Hətta bir dönəm Alanya klubunun prezidenti mənə zəng vuraraq Rəşadla maraqlanmışdı. Amma “Qarabağ” həmin vaxt avrokuboklarda qrupa düşmək üzrə idi, keçid alınmadı. Bəzən görürsən ki, futbolçular “bizdə menecer yoxdur” deyirlər. Amma yuxarıda sadaladıqlarım menecerlərin yox, öz oyunları hesabına getmişdilər”.

“Bizim futbolçulara xaricdə tələbat yoxdur”
“Sadə bir misal çəkim. Bu gün Şərqi Avropadan elə bir komanda göstərin ki, ardıcıl 7 il avrokubokların qruplarına qatılır. “Qarabağ” bunu bacarıb. Amma onların rəhbərliyindən soruşaq görək, Maksim Medvedevə, Qara Qarayevə, digər oyunçulara Avropadan real təklif gəlibmi? Olmayıb. Onlar “Tottenhem”, “Roma”, “Atletiko”, “Çelsi” kimi komandalara qarşı oynayıblar. Heç menecerə ehtiyacları yoxdur. Amma nəinki bu sadaladıqlarımdan, heç “Benevento”dan, “Şatoru”dan təklif olmadı. Avropadakı skautlar bütün liqaları izləyirlər. “Qəbələ” Avropa Liqasında “Lill”ə qalib gəlmişdi. Cavid Hüseynova və ya başqalarına təklif gəldimi? Bütün bunlar onu göstərir ki, bizim futbolçulara xaricdə tələbat yoxdur. Bu, acı reallıqdır. Oyunçularımızın fərdi keyfiyyəti də düşüb”.

“Hansısa çempionata yuxarıdan aşağı baxmağımız gülünc olar”
“O vaxt bizdə millinin bazası “Şəfa” klubu sayılırdı. Oradan kifayət qədər oyunçu çıxdı. Sonra “Bakı”nın bazası bu funksiyanı daşıdı. Hazırda üzdə olanların bir neçəsi məhz “Bakı”nın yetirməsidir. İndi “Qəbələ”nin bazası var. Amma son illər bunlar da bitmək üzrədir. “Bakı” yoxdur, “Qəbələ” bu gün var, sabah olmayacaq. Bu cür bazaları artırmaq lazımdır. Onların sayəsində 4-5 ilə daha keyfiyyətli futbolçular üzə çıxar. Belə bazalarımız olmadığı müddətdə də bizim oyunçularımıza ən yaxşı halda Latviya, Gürcüstan kimi ölkələrdə tələbat olacaq. İndiki durumda hansısa çempionata yuxarıdan aşağı baxmağımız gülüncdür”.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Volkswagen yeni modelini nümayiş etdirib - FOTO

SONRAKI XƏBƏR

Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi (FOTO)