Şərur Olimpiya İdman Kompleksində məşqçilik kursunun son moduluna start verilib

Şərur Olimpiya İdman Kompleksində məşqçilik kursunun son moduluna start verilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində “C” kateqoriyalı məşqçilik kursunun son mərhələsinə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AFFA-nın Məşqçilər şöbəsinin əməkdaşı, futbol üzrə milli komandamızın köməkçi məşqçisi Arif Əsədov, təlimatçılardan İlkin Hüseynov və İlham Əzizzadənin iştirakı ilə keçirilən kursun 3-cü modulunda muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi iştirak edir. Bu modulda iştirakçılardan – gənc məşqçilərdən praktik, şifahi və yazılı imtahan götürüləcək. Yekunda imtahanda uğur qazanan iştirakçılar “C” kateqoriyası alacaqlar.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət Proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Məşqçilik kursları da bu çərçivədə keçirilir.

Mənbə: azertag.az