Yoahim Löv AVRO-2020-nin Azərbaycanda təşkilinə münasibət bildirdi

Yoahim Löv AVRO-2020-nin Azərbaycanda təşkilinə münasibət bildirdi

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avropa çempionatının qitənin 12 şəhərində keçirilməsinə münasibət bildirib. SİA xəbər verir ki, 61 yaşlı mütəxəssis "Kicker"ə açıqlamasında nüfuzlu yarışın mövcud şəraitdə təşkilinə dair müzakirələrə qatılmaq istəmədiyini bildirib.

"Mən Azərbaycandan Rumıniyaya və ya 12 şəhərə uçuş lazımdırmı? sualını verənləri başa düşə bilərəm. Amma digər tərəfdən bu ölkələrin və bu şəhərlərin hər biri AVRO-2020-nin tərkib hissəsi olmalarından böyük qürur hissi keçirirlər", - deyə Löv vurğulayıb.

Təcrübəli baş məşqçinin fikrincə, bu, yaxın ayların hadisələrinə baxaraq qərar verməli olan UEFA üçün çətin vəzifədir.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Mənbə: sia.az