İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç kriminal janrda çəkilən “Qanqsterlər dünyası” (“MobLand”) serialının üçüncü mövsümündə rol alacaq.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, rejissor Qay Riçinin çəkdiyi və “Paramount+” platformasında yayımlanan serialda 45 yaşlı sabiq futbolçu mənfi obrazı canlandıracaq. O, yeni mövsümdə Helen Mirren, Tom Hardi və Pirs Brosnan kimi tanınmış aktyorlarla birlikdə çəkiləcək. Çəkilişlərin yaxın vaxtlarda başlanması gözlənilir. Serialın üçüncü mövsümü 2027-ci ildə tamaşaçılara təqdim ediləcək.
Qeyd edək ki, Zlatan İbrahimoviç futbolçu karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi” və “Milan” klublarında çıxış edib. İsveç millisinin tarixində ən məhsuldar futbolçu olan İbrahimoviç 2023-cü ildə peşəkar karyerasını başa vurub. Hazırda o, “Milan” klubunun rəhbərliyində məsləhətçi vəzifəsini tutur.
İsveçli veteran futbolçunun kino təcrübəsi də var. O, 2023-cü ildə ekranlara çıxan Fransanın “Asteriks və Obeliks: Səmavi imperiya” filmində Roma döyüşçüsü Kay Antivirus obrazını canlandırıb.
Mənbə: publika.az