Anar Salmanov: Məşqçilik kursu futbolun inkişafına göstərilən diqqətin növbəti təzahürüdür

Anar Salmanov: Məşqçilik kursu futbolun inkişafına göstərilən diqqətin növbəti təzahürüdür

Naxçıvan, 2 mart, AZƏRTAC

Bundan öncə bir neçə dəfə Naxçıvan Muxtar Respublikasına gəlmişəm. Hər dəfə burada keçirilən seminarlarda gənc hakimlərə yeni qaydalar və təlimatlar barədə məlumat vermişik. Bu dəfə gəlməyimin səbəbi isə Naxçıvanda təşkil olunan “C” kateqoriyalı məşqçi kursunda iştirak edən məşqçilərə qaydalar haqqında məlumat verməkdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində muxtar respublikada ilk dəfə təşkil olunan “C” kateqoriyalı məşqçi kursunun sonuncu mərhələsində iştirak edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin Təhsil şöbəsinin rəhbəri Anar Salmanov deyib.

“Səfər zamanı burada hakimliklə məşğul olan referilərlə görüş keçirildi. Görüşün səbəbi qaydalarda olan dəyişikliklər barədə məlumat vermək idi. Bununla yanaşı, videogörüntü vasitəsilə hakimlərə dəyişiklikləri də izah etdik. Şərurda təşkil olunan kursun son günlərində isə məşqçilərə videosüjetlərlə qaydalar göstəriləcək və müzakirələr aparılacaq”, - deyən Anar Salmanov bildirib ki, bu kateqoriyada olan məşqçilərin qaydaları öyrənməsi çox yaxşı haldır. Çünki istər futbolçuları, məşqçiləri, istərsə də hakimləri birləşdirən bir vasitə var – oyun qaydaları. Bu qaydaları hər kəs bilərsə, o zaman meydanda oyun vaxtı etirazlar da az olar. Kateqoriyalara bu dərslərin salınması müsbət haldır. Çünki hər il qaydalar dəyişir, yeni qərarlar qəbul edilir. Məşqçilərin də bunları bilməsi mütləqdir. Çünki onlar da öz növbələrində rəhbərlik etdikləri komandaların futbolçularına bunları çatdırırlar.

O vurğulayıb ki, hazırda bütün klublar Hakimlər Komitəsinin üzvləri ilə birgə çalışırlar və futbolçular, yeni məşqçiliyə addım atanlar maarifləndirilir. Kursun burada təşkil olunması, eyni zamanda, gənc məşqçilərin dəvəti Naxçıvan Futbol Federasiyası ilə AFFA-nın gördüyü müsbət işlərin bəhrəsidir. Ümumiyyətlə, muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili bu sahəyə göstərilən diqqətin təzahürüdür. “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. İnanırıq ki, gələcəkdə bu istiqamətdə aparılan işlər daha geniş vüsət alacaq.

Mənbə: azertag.az