MOK milli idman federasiyalarının mətbuat katibləri üçün təlim təşkil edib

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) milli idman federasiyalarının mətbuat katibləri ilə işin gücləndirilməsi, o cümlədən müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması istiqamətində onlara əlavə imkanların yaradılması məqsədilə yeni layihələr reallaşdırır.

AZƏRTAC xəbər verir ki, MOK-un idmançılar üçün təşkil etdiyi sosial media təlimlərinin növbəti mərhələsində Olimpiya idman növlərinə aid federasiyaların mətbuat xidməti rəhbərləri və komitə ilə sıx əməkdaşlıq edən Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

Müasir dövrdə sosial media kütləvi informasiya vasitələrindən birinə çevrilib, hətta bəzi məqamlarda ənənəvi mediadan daha populyardır. Kütləviliyə istiqamətlənən sosial media platformalarından düzgün istifadə həm də müxtəlif idman növlərinin təbliğinə xidmət edir.

Elə bu səbəbdən milli idman federasiyalarının mətbuat xidməti rəhbərlərinin sosial media marketinqi sahəsində bacarıqlarının təkmilləşdirilməsi vacibdir.

Komitənin marketinq şöbəsinin mütəxəssisi Səkinə Vəliyeva və rəqəmsal marketinq üzrə mütəxəssis Müşfiq Şirəliyevin keçdikləri təlimdə güləş, karate, atletika, badminton və qılıncoynatma federasiyalarının mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər. İştirakçılara sosial media marketinqi və onun xüsusiyyətləri, hədəfə çatmaq üçün sosial mediadan düzgün istifadə olunması kimi bir çox vacib məqamlar haqda məlumat verilib.

Pandemiya şəraitinə uyğun olaraq, SMM təlimləri mərhələli şəkildə kiçik qruplarla təşkil olunur. Təlimlərin məqsədi Azərbaycanda idman haqda xəbərlərin, Olimpiya ideyalarının sosial media üzərindən peşəkar şəkildə yayılmasına şərait yaratmaqdır.

Komitə idman federasiyalarının mətbuat xidmətləri rəhbərləri üçün əlavə bilik və bacarıqlar verilməsinə imkan yaradan fəaliyyət növlərinə aid növbəti təlimlər keçirməyi də planlaşdırır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Aralıq dənizində Rusiya-Amerika toqquşması baş verə bilər

SONRAKI XƏBƏR

Sabiq icra başçısının həbs müddəti uzadıldı - Məhkəmə prosesi