Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Martın 4-də Masallıdakı “Gənclər evi” sosial xidmət müəssisəsində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla idman sahəsində uğurlu nəticələr əldə etmiş idmançıların bir qrupu ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan görüşdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov əlamətdar günlə əlaqədar idmançıları təbrik edib.

Dövlətin digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinə də göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışan idarə rəisi bildirib ki, 2020-ci ildə dünyanı bürüyən COVID-19 pandemiyası bütün sahələrdə olduğu kimi, idman sahəsinə də təsirsiz ötüşməyib. Bu səbəbdən bir çox idman yarışlarının, beynəlxalq turnirlərin keçirilməsi təxirə salınıb. İnanırıq ki, yaxın zamanlarda bu bəladan xilas olacaq, idmançılarımız yeni uğurlara imza atacaqlar.

C.Manafov çıxışında diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi bir il oldu, torpaqlarımız işğaldan azad edildi. 44 günlük Vətən müharibəsində idmançılarımız da fəal iştirak edərək, qəhrəmanlıqlar göstərdilər.

Görüşdə Əməkdar məşqçi Xanağa Quliyev, məşqçi-müəllim Ramiq Məmmədov, idmançılardan Heydərəli Quliyev, Allahyar Əhədov çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Tədbirdə idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə idmançıların bir qrupuna Masallı Rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları təqdim olunub.

Mənbə: azertag.az