Azərbaycan millisinin Avropa çempionatına hazırlığı üçün Gənclər və İdman Nazirliyinə müraciət olunub

Azərbaycan millisinin Avropa çempionatına hazırlığı üçün Gənclər və İdman Nazirliyinə müraciət olunub

Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının durumuna yaxın günlərdə aydınlıq gələcək.

Bu, Azərbaycan Voleybol Federasiyasından apasport.az saytının sorğusuna cavabda əksini tapıb.

Qurumdan bildirilib ki, yığmamızın mayda başlayacaq seçmə mərhələnin oyunlarına hazırlığı ilə bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə müraciət olunub. Nazirlik öz növbəsində Operativ Qərargaha koronavirus pandemiyası dövründə komandanın məşqlərinə icazə verilməsi üçün müraciət edib. Məsələ ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.

Millimiz Monteneqro, Yunanıstan və Gürcüstanla eyni qrupda mübarizə aparacaq. Turnirin birinci dövrəsi Gürcüstanda, ikinci yarısı Monteneqroda baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov bu gün Operativ Qərargaha təkliflər təqdim olunduğunu açıqlayıb.

Mənbə: apa.az