Futbol bataqlığa sürükləndikcə sular durulur... - Tahir Süleymanov yazır..

Futbol bataqlığa sürükləndikcə sular durulur... -  Tahir Süleymanov yazır..

Artıq nağıllar keçmir. Azarkeş, xalq oyanıb...

Dünyanın öndə gedən kəşfiyyat, əks-kəşfiyyat idarələri federasiyada "püxtələşən" bir çox rəsmiləri rahatlıqla işə qəbul edə bilərlər.

İllərdi dezinformasiya, qarayaxma, araqatma, pərdələnmə, şayiələrlə futbol ictimaiyyəti arasına virus toxumu səpib yalançı "inkişaf modeli"ni millətə sırıyanlar tükəniblər...

Futbolun qızıldan qiymətli illəri itirilib. 10-12 il öncə 10 yaşlı uşaqlar artıq 20-22 yaşlarındadırlar və "top çiləmə", Berlin layihələri, uşaq futbolunda texniki məğlubiyyətlərlə Lixtenşteynə tarix yazdırırlar...

Azərbaycan futbolu çox pis ilişib. 27 illik müstəqil futbolumuzun son 10-15 ili ən çiçəklənmə dövrü olmalı idi. Niyə?

90-larda müharibə, siyasi-iqtisadi xaos, şəraitin, infrastrukturun olmaması, futbol idarəçiliyindəki qüsurların sonu 2000-lərdə AFFA-da dəyişiklərə səbəb oldu.

Məqsəd futbolda dönüşün yaradılması idi. Dövlətin qayğısı, stabillik...Vəsait futbola sel kimi axmağa başladı...

Azarkeşlərdə, xalqda inam yaranmışdı. Dəyişikliklərdən sonra ilk çempionat oyunlarına nəinki bölgələrimizdə, Bakıda stadionlara 10 minlərlə azarkeş gəlirdi...

Lənkəran, Yevlax, Imişli, Zaqatala, paytaxtın özündə yeni-yeni müasir, dünya standartlarına cavab verən arenalar inşa edildi. Gəncə, Sumqayıt, Mingəçevir, Tovuz, Qazax, Qusar, Masallı, Bərdə və digər şəhər və rayonlarımız həvəslə öz növbələrini gözləyirdilər...

Minlərlə uşaqlarımız böyük futbolçu olacaqları ilə bağlı xəyallar qururdular, "böyük"lərin onları düşünəcəklərinə inanırdılar...

Azərbaycanda futbolun ümumi inkişafına birmənalı cavabdeh olan AFFA-nın inanılmaz imkanları yaranmışdı. Dövlət rəhbərliyi SOCAR kimi bir nömrəli şirkəti futbola gətirmişdi. Klublara sponsorluq edən digər imkanlılar da öz yerində...

Qalırdı futbolu düzgün idarə etmək, relsə salmaq, inkişaf etdirmək, nəticələr qazanmaq, xalqı sevindirmək...

Vəsait çox önəmlidir, hər şey demək deyil. "Всё решают кадры"... İnkişafı düzgün kadr seçimi həll edir...

Futboldan bixəbərlər tökülüşdülər futbola. Xalqın, dövlətin pullarını ata malı, istədikləri kimi dartışdırdılar,. İllər keçdikcə "yağ-bal" içində üzənlər daha da azğınlaşdılar, yerlərini möhkəmləndirdilər...

Gözlər bağlandı, federasiya futbola, azarkeşə, xalqa qulluq etmək əvəzinə şəxsi biznesə çevrildi. Müstəqil klublar məqsədli olaraq dağıdıldı, sponsorlar futboldan didərgin salındı...

"Mədəniyyət" donuna girmişlər "pokazuxa" layihələrlə millətin, həm də "yuxarı"ların başını qatır, uğursuzluqları futbola, ətrafa sırıyıb məharətlə yayınaraq özlərindən qəhrəman obrazı yaradırdılar...

İllərdi min təzyiqlərlə üzləşərək bu problemləri qaldırır, müstəqil klubların növbəlilikə dağılacağını, futbolun tam çökəcəyini bildiririk...

Təəssüf ki, o an yetişib artıq. Bu qədər milyonların qarşılığında Azərbaycan futbolu 10 illərlə geri salınıb, futbol genefondu məhv edilib...

Son həftələrdəki azarkeşlərin haqlı, kütləvi, sivil qaydada "istefa" dalğasından sonra futbolu zəbt edənlərin simaları daha qabarıq görünür...

İllərdi futbolu, xalqı düşünmədiklərini bir daha sübut etmiş oldular. Vəzifələrini, xalqdan, dövlətdən qazandıqları milyonların itirilməməsi üçün hər yola əl atırlar, davamını da gətirməyə çalışacaqlar...

Azarkeşlərin məğlubiyyət psixologiyasını qəbul etməyərək Azərbaycan millisinin biabırçı nəticələrinə etirazı ümumilikdə, dərin mənada dövlətin, dövlətçiliyin, xalqın müdafiəsi, qorunması deməkdir...

AFFA dövlətlə azarkeş (xalq) arasında elə dövlətin, xalqın milyonları ilə uçurum yaradıb. Vəziyyət o həddə çatıb ki, Avroliqa finalı, Avro-2020 də fanat, azarkeşlərin gözündə deyil, könülləri ovundura bilmir artıq...

Çünki, onlar haqlı olaraq yaradılan şəraitə uyğun Azərbaycan futbolunun dünya, Avropa məkanında layiqli yerinin tutmasını istəyirlər...

Son günlər "təbliğat maşını"nı yenidən işə salaraq əks-həmlə etmək cəhdləri oldu. İnamı o qədər itiriblər ki, "müdafiə" fikirlərinin "tor"ları deşik-deşikdi. Rəqiblərin vurduğu toplardan salamat yer qalmayıb...

İstənilən məkrli, müdafiə xarakterli açıqlamalar dərhal bumeranq rolunu oynayır, futbol ictimaiyyətinin haqlı etirazına səbəb olur...

"Azərbaycan azarkeşi millidən nəticə istəyir, tələb edir, nə vaxtsa final mərhələsi görmüşük"? Bu tipli cəfəng açıqlamaların bir cavabı var...

Azərbaycan futbolu, azarkeşi nə vaxtsa qruplar görmüşdü?! Dözülməz futbol idarəçiliyi, AFFA-nın(!) olmazın təzyiqləri fonunda klublar qruplar yolunu açdı, qazandı...

Latviya, ilin 9 ayını soyuqdan çölə çıxmayan Islandiya finallar üzü görmüşdülər, yoxsa futbolları bizdən üstün idi?! Azərbaycan futboluna yatırılan vəsait onlarda olsaydı daha hansı uğurlar olardı?!

Futbolun, millətin ruhunu qırıb məğlub psixologiyanı aşılıyanlara elə indiki federasiyadakılar sərfəlidi. AFFA-da, klublarda öz kadrları və futboldakı "baş üstə"lər...

Birləşib "futbol yoxdu" deyə-deyə millinin yoldaşlıq oyunlarına(!) mükafatlar paylansın, "partiya" komandaları da hələ ki, reytinq xalları var, maksimum 1-2 mərhələ keçib xımır-xımır xalqın, dövlətin pulları qazanılsın...

"Klublar futbolçu yetişdirməlidir". Klub qalıb, futbolçu yetişsin?! 100-dən çox milliləşdirilmiş futbolçu, 150-minlik futbolçu ailəsi haralarda ilişib qalıb, üzə çıxmır?! Yarıtmaz futbol strategiyası, ot örtüyü, forma, kadr monopoliyası...

Azarkeşsiz futbol, "Bakı birinciliyi", qohum, dost, tanışların maliyyə, gəlir mənbəyi... Alınmayanda isə, "mütəxəssis yoxdu" adıyla əcnəbi sevgisi, milyonların dağıdılması, menecerlik pərdəsi altında bölüşdürülməsi...

Azarkeşlərin haqlı səsləri dünya futbolunda analoqu olmayan hadisədir. Klub səviyyəsində belə hallar olur, ümumi futbol səviyyəsində nadir hallarda rast gəlinən durumdur...

Azərbaycan futbolunun xilasına fanat, azarkeşlər qalxıb. Az sayda futbol adamı, KIV nümayəndələrinin gücü yetərli deyildi, "tək əldən səs çıxmaz". Azarkeş (xalq) birliyi kəsərli sözünü dedi...

Mədəni, heç bir siyasi cərəyana qoşulmadan, təxribatlara yol vermədən sivil qaydada futbol cavabdehlərini "istefa"ya səsləməsi Azərbaycana, futbola olan sevgidən irəli gəlir...

Ölkə futbolu fanat, azarkeşləri ilə fəxr edə bilər.
Nə yazıq ki, Azərbaycan futbolunun indiki durumu azarkeşinə layiq deyil.

Futbolda mütləq dönüş yaradılmalıdır. İnamı itirən cavabdehlər gizləniblər. Nisbidir...Planlar qurulur, ən yaxşı halda "saray"da, öz aralarında qurbanlar axtarılır. Artıq məşqçi, futbolçu, "paytaxt küləkləri" bəhanələri keçmir...

AFFA-ya, futbola cavabdehlərin bir qismi federasiyadan getmək istəməməkləri ilə yanaşı öz xoşları ilə də gedə bilməzlər. Bir tərəfdən karyera batar, digər tərəfdən isə "şəffaf"lıqlar fantan vurar...

Piramidanın bumeranq dalğası çox pis haqlayıb. Saxta pik nöqtənin yuxarısı, o tərəf, bu tərəfi olmur., "kəlləmayallaq" tərəfi olur...

Futbol heç vaxt onları düşündürməyib. Bütün güclərini səfərbər edəcəklər. "Yuxarı"lara donoslar hazırlanacaq, daxili futbol "klan"ları bir-birilərini önə verəcək, vaxt udub vəziyyətdən çıxmaq üçün hər yola əl atılacaq...

Bu gün Qurtuluş günüdür. Lənkəran, Yevlax, Zaqatala kimi Imişlidə yeni inşa edilmiş Heydər Əliyev adını daşıyan stadion da boş qalıb....

Futbol...Azərbaycanda "üçbucağa" çevrilmiş futbol...Azarkeş (xalq)- AFFA- dövlət...

Fanat, azarkeş doğru seçimini edib artıq...

Xalqla bir olan hər zaman qalib gəlir!

 

Mənbə: azpress.az