Azərbaycanın iki güləşçisi Avropa çempionu olub, biri bürünc medal qazanıb

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatının ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb.

APA-nın məlumatına görə, yunan-Roma güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla bitiriblər.

Komandamızın heyətində bir gün öncə finala yüksələn Məlik Əliyev (48 kq) həlledici görüşdə Damir Kalakutokla üz-üzə gəlib. Rusiya güləşçisiylə qarşılaşmada 0:3 hesabıyla geridə olan həmyerlimiz əzmkarlıq nümayiş etdirərək hesabı xeyrinə dəyişib (5:3) və Avropa çempionu olub.

Onun uğurunu Nihat Məmmədli (55 kq) da təkrarlayıb. Finalda Qleb Makarankaya (Belarus) vaxtından əvvəl qalib gələn pəhləvanımız da Avropa çempionatının qızıl medalına yiyələnib.

Komandamızın aktivinə digər medalı Xasay Həsənli (65 kq) yazdırıb. O, 3-cü yer uğrunda görüşdə gürcüstanlı Nikolos Marqvelaşviliyə ilk hissədə qalib gəlməklə, bürünc medalı boynundan asıb.

Qeyd edək ki, sabah daha 2 güləşçimiz final, 1 idmançımız 3-cü yer uğrunda görüşə çıxacaq. Həmçinin yığmamızın 2 üzvü təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Bakıya işləməyə gələn Türkiyə vətəndaşı 20 gün sonra öldü

SONRAKI XƏBƏR

“Kollec məzunlarının universitetlərə imtahansız qəbulunun bu kimi faydaları var”- Şahlar Əsgərov