Poçettino: "Futbolçularımız qəhrəmanlıq etdilər"

Poçettino: "Futbolçularımız qəhrəmanlıq etdilər"

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalının birinci oyununda "Bavariya"nı yendikdən sonra açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, o, 3:2 hesablı qələbəni və rəqibin geri dönüş şanslarını dəyərləndirib:

"Uşaqların Avropanın ən yaxşı komandasına qarşı apardığı mübarizədən və nəticədən razı qaldım. Özlərini meydanda qoyan futbolçuları təbrik etmək lazımdır. İkinci görüşdə də bu oyunumuzu təkrarlamağa çalışacağıq.

Oyunla bağlı planlarım həyata keçdimi? Həmişə qalib gələndə qərarların haqda ürəklə danışa bilirsən. Amma məncə, futbolçularımız qəhrəmanlıq etdilər. İrəlidə bu rəqiblə oynayacağımız daha bir 90 dəqiqə var. İkinci oyunun birincidən də çətin keçəcəyini düşünürəm.

Markinyos? Ümid edirəm ki, aldığı zədə ciddi deyil.

"Bavariya" kambek edə bilərmi? Öncəki mərhələnin ilk oyunundan sonra işimiz daha rahat idi. "Barsa"ya qarşı keçirdiyimiz (həmin qarşılaşma Paris təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitmişdi - red.) matçı sərfəli hesabla qazanmışdıq. 3:2 bizi arxayınlaşdıra bilməz. Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq".

Mənbə: fanat.az