Zədələrin "məhv etdiyi" 5 ulduz - SİYAHI

Zədələrin "məhv etdiyi" 5 ulduz - SİYAHI

İspaniya millisinin və "Barselona"nın futbolçusu Ansu Fati heç cür zədələrdən qurtula bilmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gənc istedad ardıcıl 3-cü dəfə əməliyyat olunacaq.

Cari mövsümü başa vuran futbolçunun AVRO-2020 xəyalı ilə də vidalaşıb. Onun nə vaxt meydana dönəcəyi dəqiq bəlli deyil.

Futbol tarixində parlaq istedada malik olan, amma zədə və ya sağlamlığı ilə bağlı digər problemlərin karyerasını məhv etdiyi oyunçular az olmayıb. Belə ulduzlar sırasına düşməmək üçün Ansi təkcə fiziki deyil, həm də ruhən güclü olmağı bacarmalıdır.

Zədələrin karyerasını sındırdığı Sebastyan Daysler (Almaniya)

2001/02 mövsümündə "Herta"da parlayan yarımmüdafiəçi 21 yaşında "Bavariya"ya keçib. Millinin də əsas heyət üzvünə çevrilən futbolçu DÇ-2002-yə hazırlıq çərçivəsində Avstriya görüşdə xəsarət alıb. Fasilələrlə 5 dəfə əməliyyat olunan Daysler yaşadığı xoşagəlməzliklərdən sonra ruhi xəstələr üçün klinikada da müalicə alıb.

Abu Diabi (Fransa)

2006-cı ildə "Arsenal" "Oser"in 20 yaşlı yarımmüdafiəçisini transfer edib. Cəmi yarım ildən sonra zədələnən Diabi meydana döndükdən az sonra yenidən xəsarət alıb. Uzun illər zədələrin əl çəkmədiyi futbolçu 10 ildə 18 dəfə bu üzdən sıradan çıxıb. 2015-ci ildə "Marsel"ə keçəndən sonra da zədələrdən qaça bilməyən Abu 4 il öncə karyerasını bitirməyə qərar verib. O, ümumilikdə 1937 gün və ya 250 oyunu zədə səbəbindən boşa verib.

Ouen Harqrivz (İngiltərə)

Kanadada doğulan futbolçu erkən yaşında "Bavariya"nın heyətinə düşməyi bacarıb. 2002/03 mövsümünün gedişində 3 müxtəlif zədə alan Ouen 2007-ci ildə 25 milyon avroya "Mançester Yunayted"ə keçib. İlk mövsümü normal başa vuran futbolçu sonradan dizlərindəki problemlərdən əziyyət çəkib. 3 mövsümdə 4 matça çıxması da bunu göstərir. Sonradan "Mançester Siti"yə üz tutan Harqrivz burada da mövsümə 1 matça çıxıb və 31 yaşında karyerasını bitirib.

Ruben de la Red (İspaniya)

"Real"ın akademiyasının ən istedadlı yetirmələrindən biri hətta yığma ilə Avropa çempionu da olub. Amma AVRO-2008-dən sonra 2008-ci il oktyabrın 30-da kubok matçında huşunu itirərək yerə yıxılıb. Ürəktutması üzündən ona futboldan getmək tövsiyə olunub. Qısa fasilədən sonra Ruben yenidən meydana qayıtmağa cəhd edib. Lakin 2010-cu ildə karyerasını bitirməyə üstünlük verib.

Aleşandre Pato (Braziliya)

2008-ci ildə 18 yaşında "Milan"a keçən Pato dünya ulduzu sayılırdı. İlk 5 mövsümdə 117 oyuna 51 qol vurmaqla cənubi amerikalı faydalı olduğunu göstərib. Amma yalnız ilk iki mövsüm tam alınıb. Sonrakılar isə zədələrlə zəngin olub. Sonradan bir çox klublarda forma geyinən sambaçı hələ də karyerasını davam etdirir. Amma zədələr 18 yaşında parlayan ulduzdan əsər-əlamət qoymayıb.

 

Mənbə: news.milli.az