14-cü bombardir: 100-cü oyun, 25-ci qol

14-cü bombardir: 100-cü oyun, 25-ci qol

Azərbaycan Premyer Liqasının XXIII turunun “Zirə” ilə oyunu (4:0) “Neftçi”nin futbolçusu Namik Ələskərov üçün ikiqat yubileylə əlamətdar olub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 100-cü çempionat matçında 25-ci, ardınca 26-cı qoluna imza atıb. Paytaxt təmsilçisinin heyətində 2016/17 mövsümündə debüt edən Ələskərov həmin çempionatda 11 qarşılaşmada (2 qol) şans qazanıb. 2017/18 mövsümündə 27 (5 qol), 2018/19 mövsümündə 23 (3 qol), ötən çempionatda 18 dəfə meydana çıxan Namik cari turnirdə 21-ci görüşündə 16-cı dəfə rəqib qapısına yol tapıb.

O, “Neftçi”nin tarixinə Azərbaycan çempionatında 100 və ya daha çox oyun keçirən 26-cı futbolçu kimi düşüb. Paytaxt təmsilçisinin rekordçusu İqor Getmandır. Sabiq müdafiəçinin hesabında 182 oyun var.

Namik klub tarixində Azərbaycan çempionatında 25 və daha çox qol vuran 15-ci futbolçudur. Hesabını 26 topa çatdıran yarımmüdafiəçi Fərrux İsmayılov (25 qol), Zaur Tağızadə və İlham Məmmədovu (hər ikisi 24 qol) keçərək 14-cü sıraya qalxıb. Rekord isə Samir Ələkbərova məxsusdur – 99 qol.

Mənbə: qol.az