"Onun qədər yalan danışan ikinci insan görməmişəm" - Çeferindən sərt sözlər

UEFA prezidenti Aleksander Çeferin qitənin ən yaxşı klublarının oynayacağı yeni bir turnirin - Avropa Superliqasının yaradılması ilə əlaqədar sərt açıqlama verib.

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Tam əminliklə deyə bilərəm ki, UEFA və bütün futbol dünyası tamahkarlığa əsaslanan bu biabırçı və eqoist hərəkətə qarşı mübarizə aparır. Bu, bir layihə deyil, cəfəngiyatdır. Superliqa ideyası bütün futbol azarkeşlərinin və cəmiyyətimizin üzünə zərbə vurmaqdır. Dəyərlərimizi məhrum etməyə icazə verməyəcəyik. Bacardığımız bütün sanksiyaları tətbiq edəcəyik və dəqiq cavabımız olan kimi sizə xəbər verəcəyik. Fikrimcə, bu klublardan olan oyunçular ən qısa müddətdə bütün turnirlərdən kənarlaşdırılmalıdır. Əlbəttə, UEFA Çempionlar Liqasını bu 12 klub olmadan keçirə bilər. Avropada çox yaxşı komandalar var. 12 klubla və ya onsuz turnir keçiriləcək".

Çeferin Çempionlar Liqası islahatını son ana qədər dəstəkləyən, ancaq sonra Avropa Superliqasını təsis edənlərdən olan "Yuventus" prezidenti Andrea Anyelli və "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvord haqda da kəskin fikirlər səslənirib: "Həyatımda çox şey görmüşəm. Vəkil işləmişəm, cinayət işində iştirak etmişəm. Fərqli insanları görmüşəm. Ancaq əvvəllər belə insanları görməmişəm.

Mən Vudvordla başlayacağam. Bu qədər ünsiyyət qurmadıq. Ancaq cümə axşamı gecə mənə zəng etdi. Çox məmnun olduğunu və islahatları dəstəklədiyini söylədi. Müzakirə etmək istədiyi tək şeyin maliyyə feyr play sistemi olduğunu söylədi. Aydındır ki, o anda artıq başqa bir şey üçün yazılmışdı.

Anyelli haqqında çox danışmaq istəmirəm. Mənim üçün o, bəlkə də ən böyük xəyal qırıqlığıdır. Onun qədər dəfələrlə yalan danışan ikinci bir insan görməmişəm. Və belə israrla! Bu, inanılmazdır.

Şənbə günü, söz-söhbətlər ortaya çıxanda mənə dedi ki, narahat olmayım, heç bir şey olmayacaq. Bir saatdan sonra mənə zəng edəcəyini söylədi və telefonu söndürdü. Ertəsi günü isə bu elanı eşidirik.

Çox şey görmüşəm, amma bunu heç görməmişəm. Aydındır ki, xəsislik o qədər güclü bir hissdir ki, insani dəyərləri bəzi insanlardan uzaqlaşdırdı. Ancaq biz fərqliyik və fərqli qalacağıq. Kimin kim olduğunu bilmək hər zaman əladır.

Cümə günü, Anyelli, Qazidis, Florentino Peres yekdilliklə islahatları dəstəklədilər. Görünür, başqa sənədləri imzalamışdılar. Bilmirəm, onlar haqqında düşündüklərimi izah etməyə ehtiyac var, ya yox".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ali təhsil sisteminə hansı qurum və təşkilatların daxil olduğu açıqlanıb

SONRAKI XƏBƏR

Pərvinin yalanı üzə çıxdı - VİDEO