UEFA prezidenti Superliqaya müharibə elan etdi “BU, FUTBOLU SEVƏNLƏRİN ÜZÜNƏ TÜPÜRMƏKDİR”

UEFA prezidenti Superliqaya müharibə elan etdi “BU, FUTBOLU SEVƏNLƏRİN ÜZÜNƏ TÜPÜRMƏKDİR”

UEFA prezidenti Aleksander Çeferin formalaşması barədə aprelin 18-dən 19-na keçən gecə məlum olan Superliga yaradılmasına reaksiya verib.

Virtualaz.org bildirir ki, yeni təşkilata "Arsenal", "Çelsi", "Liverpul", "Mançester Siti", "Mançester Yunayted", "Tottenham", "Real", "Barselona", "Atletiko", "Milan", "İnter" və "Yuventus"daxildir.

8 iştirakçı komanda daha sonra elan ediləcək. Turnirin 2021-ci ilin avqustunda başlanacağı gözlənilir.

UEFA bu klubları avrokuboklardan çıxarmaqla, onların futbolçularını isə yığmaların oyunlarına buraxmamaqla hədələyir.

“UEFA və futbol dünyası xəsislik hissi ilə idarə olunan bir neçə kluba qarşı birləşib. Buna yalnız futbol dünyası deyil, insanlar, hökumətlər də qarşıdır. Hamı belə mənasız bir layihənin əleyhinədir. İngilis Birliyi, İtalyan Federasiyası, İspan, FIFA, 55 üzvümüzün hamısı belə bir turnirin keçirilməsinin əleyhinədir. Bunun baş verməsinə heç vaxt imkan vermərik. Bu cür qapalı liqada oynaya biləcək komandalarda oynayanlar Dünya və Avropa çempionatlarında oynaya bilməyəcəklər. Onların milli komandalarda oynamaları qadağan ediləcək”, - deyə Çeferin video konfrans zamanı bildirib.

Çeferin bildirib ki, UEFA ümumi gəlirlərin 90 faizini yenidən futbola investisiya qoyaraq bölüşdürür: "Qitə futbol qurumu təkcə pul məsələsi deyil. Superliqanın yaradılmasının yeganə məqsədi isə budur. Bu, bəzilərinin maraqlarına xidmət edir. Amma əsas prinsip dəyişdirilə bilməz: həmrəylik əbədidir. Bəzi insanlar üçün həmrəylik mövcud deyil. Onları maraqlandıran başlıca məsələ ciblərindəki puldur. Bütün futbol ailəsinə, hətta həmin 12 klubdan başqa, hamısına təşəkkür edirəm. Hökumətlərə də "sağ ol" deyirəm. Bu ideya futbolu sevənlərin üzünə tüpürməkdir. Futbolu əlimizdən almalarına icazə vermərik".

UEFA prezidenti həmçinin deyib ki, Superliqadakı klubların bu mövsüm Çempionlar Liqası və Avropa Liqasından avtomatik kənarlaşdırılmaları üçün məsləhətləşmələr aparılır.

Qeyd edək ki, bir qədər əvvəl isə təşkilatın İcraiyyə Komitəsinin iclasından sonra 2024-cü ildə start götürəcək Çempionlar Liqasının formatı dəyişdirilib. Belə ki, turnirdə 32 komanda əvəzinə 36 klubun yarışacağı bəlli olub. 2024/2025 mövsümündən etibarən Çempionlar Liqasına düşməyən elit klublara (bu turnirdə ciddi uğurları olanlar) lisenziya veriləcək.

Yeni format qruplarla yox, vahid liqa formasında keçiriləcək. Bütün klublar 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşacaq və ilk səkkiz yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər səkkiz vəsiqə uğrunda 9-24-cü yerləri tutan komandalar pley-off formatında mübarizə aparacaqlar.

Mənbə: virtualaz.org