"Real", "Mançester Siti" və "Çelsi" ÇL-dən kənarlaşdırılır - Rəsmi açıqlama

UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Meller Avropa Superliqasına qatılacaq komandaların cümə günü Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib.

Qol.az xəbər verir ki, bu barədə o, "DR Sport"a açıqlamasında deyib. Danimarka Futbol Federasiyasının prezidenti olan Y.Meller bildirib ki, "Real", "Mançester Siti" və "Çelsi" turnirdən kənarlaşdırılır: "Bununla bağlı qərarın cümə günü açıqlanacağını gözləyirəm. Bütün 12 klubun da Avropa kuboklarından uzaqlaşdırılması ilə bağlı gözləntim var. Sonra Çempionlar Liqasının necə bitəcəyini görəcəyik".
Cümə günü UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında aprelin 27-i PSJ - "Mançester Siti", "Real" - "Çelsi" ilk görüşləri keçirilməlidir.

Xatırladaq ki, İspaniya, İtaliya və İngiltərədən 12 nəhəng klubun Avropa Superliqası adlı turnir təşkil edəcəyi məlum olub. Həmin klublar "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Güləşçimiz Avropa çempionatının finalında

SONRAKI XƏBƏR

Türkiyənin yeni səfiri Bakıya gəldi, bu şəkilləri paylaşdı - FOTOLAR