Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova

Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir - Azərbaycan gimnastı Arzu Cəlilova

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən Dünya Kubokunda hərəkətlərim əvvəlki iki yarışdan daha çətindir. Əlbəttə, doğma Milli Gimnastika Arenamızın divarları daxilində çıxış etmək çox məsuliyyətli və şərəflidir.

Bunu Trend Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı, Azərbaycan idmançısı Arzu Cəlilova deyib.

A.Cəlilova bildirib: "Ümumiyyətlə bugünkü çıxış yaxşı keçdi, əlbətdə proqramı daha yaxşı icra edə bilərdim. Məsələn, halqa ilə hərəkətlərdə bəzi səhvlərə yol verdim, amma hər başlanğıcda bacarıqlarımı inkişaf etdirməyə çalışıram. Sabah yarışın ikinci günündə yaxşı nəticə göstərməyə çalışacağam".

Bakıdakı yarışlar Arzu Cəlilova üçün bu il üçüncü Dünya Kuboku oldu. İdmançı vurğulayıb ki, onun böyük kimi ilk startı 2020-ci ilin sonunda Kiyevdə keçirilən Avropa çempionatında baş tutub:

"O startdan bəri güc və həvəsim artıb. Düşünürəm ki, daha bir Dünya Kuboku və Avropa çempionatının da daxil olduğu qarşıdakı yarışlarda proqramım dəyişəcək, çünki hər başlanğıcda elementlərin mürəkkəbliyini artırmağa çalışırıq".

Qeyd edək ki, mayın 9-dək davam edəcək dünya kuboku yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir. Azərbaycanı fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərində isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət komanda təmsil edir.

Ənənəvi olaraq, yarış zamanı ən yüksək nəticə göstərən gimnasta və komandaya "AGF Trophy" Kuboku veriləcək.

Yarışlar epidemioloji vəziyyət nəzərə alınmaqla tamaşaçıların iştirakı olmadan ölkədə qüvvədə olan karantin tələblərinə uyğun olaraq keçirilir.

Mənbə: az.trend.az