4 qızıl medal və 4 lisenziya - VİDEO

4 qızıl medal və 4 lisenziya - VİDEO

Bolqarıstanda para-taekvondo üzrə Avropa Təsnifat Turniri keçirilir. Paytaxt Sofiyada reallaşan yarışda qüvvəsini sınayan təmsilçilərimiz Olimpiadaya 4 lisenziya qazanıblar.

Qadınlar arasında Aynur Məmmədova 58 kq çəki dərəcəsində baş mükafata yiyələnib. Aynur finalda ispaniyalı Daria Santiaqo ilə üz-üzə gəlib. Görüşün gedişində böyük üstünlük əldən edən Məmmədova sona yaxın təşəbbüsü rəqibə verib. Bundan maksimum yararlanan pirineyli idmançı hesabı bərabərləşdirib. Qalibi müəyyənləşdirmək üçün isə əlavə vaxta ehtiyac duyulub. Burada isə daha dəqiq olan Aynur Məmmədova qızıl medalla yanaşı Tokio-2020-yə lisenziya da qazanıb.

Röyalə Fətəliyeva 49 kq-da eyni uğuru təkrarlayıb. Gürcüstan Liya Çaçibayayla qarşılaşan Röyalə ilk dəqiqələrdən təşəbbüsü ələ alıb. Sonadək həmkarına şans verməyən Fətəliyeva sonda qələbəni bayram edib, 20:2. Bununla da Röyalə Fətəliyeva da həm çempion olub, həm də paralimpiya oyunlarına lisenziyaya yiyələnib.

Kişilərin yarışında Əbülfəz Abuzərli 75 kq-da ölkəmizi layiqincə təmsil edib. Abuzərli qızıl medal və lisenziya uğrunda böyük britaniyalı Cofes Leynlə münasibətləri aydınlaşdırıb. Qarşılaşma britaniya təmsilçisi üçün yaxşı başlasa da toparlanan təmsilçimiz dönüş yaradıb. Növbəti hissələrdə üstünlüyü qoruyan Əbülfəz Abuzərli yekunda qələbə qazanıb.

Sonuncu lisenziya və qızıl medalın sahibi isə İmaməddin Xəlilov olub. 61 kq-da mübarizə aparan idmançımız finalda israilli Asaf Yasurla döyüşüb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma təmsilçimizin zəfəri ilə başa çatıb. Bununla da para-taekvondoçularımız Sofiyada maksimum nəticə göstəriblər. Bolqarıstana 4 idmançı ilə yollanan seçməmiz vətənə 4 qızıl medal və Tokio-2020 Yaya Paralimpiya Oyunlarına 4 lisenziya ilə qayıdırlar.

 

Mənbə: www.realtv.az